Google şirkətinin keçmiş mühəndisi, Maşın Zəkası Araşdırma İnstitutunun (MIRI) rəhbəri Neyt Soares süni intellektin yarada biləcəyi təhlükələr barədə xəbərdarlıq edib. O, texnologiyanın inkişafı ilə bağlı narahatlıqlarını əsas gətirərək gələcəyi üçün pensiya yığımlarını artırmadığını bildirib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Soares “The Atlantic” jurnalının rəhbəri Nikolas Tompsonun aparıcılığı ilə yayımlanan podkastda süni intellektin gələcəkdə insanlığa təsirlərini qiymətləndirib.
Onun sözlərinə görə, süni intellektlə əlaqəli risklər səbəbindən növbəti 10 il ərzində bəşəriyyətin mövcudluğunu davam etdirə bilməməsi ehtimalını 50 faiz hesab edir. Soares bu səbəbdən pensiya üçün əlavə vəsait toplamadığını deyib.
O, Google-da işlədiyi dövrdən qalan pensiya yığımlarının olduğunu, lakin təxminən 10 ildir həmin vəsaitə əlavə pul yatırmadığını qeyd edib.
Süni intellektin inkişaf sürəti müzakirə olunur
Süni intellektin təhlükəsizliyi ilə bağlı müzakirələr texnologiya sənayesində də davam edir. “Anthropic” şirkətinin baş direktoru Dario Amodei sentyabrın 12-də yayımladığı məqalədə süni intellektin təhlükəsiz inkişafı üçün prosesin balanslı, nəzarətli və əməkdaşlığa əsaslanan şəkildə aparılmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, süni intellekt modellərinin hazırlanma sürətinin azaldılması ilə bağlı çağırışlar texnologiya şirkətləri və siyasi dairələr arasında mübahisələrə səbəb olub. Bəzi şirkət rəhbərləri və siyasətçilər belə addımın bazarda inhisarçılığı gücləndirə və Çinə rəqabət üstünlüyü qazandıra biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Soaresin bəşəriyyətin gələcəyi ilə bağlı səsləndirdiyi fikir onun şəxsi risk qiymətləndirməsidir və insanlığın 10 il ərzində yox olacağına dair təsdiqlənmiş elmi proqnoz hesab edilmir.












