Göz daxilinə yerləşdirilən ağıllı linzalar uzaq və yaxın görmə problemlərinin, eləcə də astiqmatizmin korreksiyasına imkan yaradır. Mütəxəssislər bildirirlər ki, üçfokuslu linzalar bəzi pasiyentlərə eynəkdən asılılığı azaltmaqda kömək edə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupunun göz xəstəlikləri üzrə mütəxəssisi, professor Levent Akçay ağıllı linzaların görmə problemlərinin aradan qaldırılmasındakı rolundan danışıb.

Onun sözlərinə görə, göz daxilinə yerləşdirilən üçfokuslu trifokal linzalar uzaq, yaxın və aralıq məsafələrdə görməni yaxşılaşdırmaqla yanaşı, astiqmatizm kimi bəzi refraksiya qüsurlarının korreksiyasına da imkan verir.

Professor qeyd edib ki, uyğun pasiyentlərdə bu üsul eynəkdən asılılığı azaltmağa kömək edə bilər. Bundan əlavə, təbii göz büllurunun süni linza ilə əvəzlənməsi gələcəkdə həmin büllurda kataraktanın yaranması riskini aradan qaldırır.

Bununla belə, ağıllı linzaların hər kəs üçün uyğun olmadığı, əməliyyat qərarının göz müayinəsi və fərdi tibbi qiymətləndirmə əsasında verilməli olduğu vurğulanır.