“Bugünün könüllüsü sabahın dövlət qulluqçusu, özəl sektorun əməkdaşı və ya cəmiyyətin müxtəlif sahələrində çalışan peşəkar mütəxəssisidir. Könüllülük yalnız ictimai fəaliyyət deyil, həm də gənclərin sosial məsuliyyət hissinin, ünsiyyət bacarıqlarının və praktiki vərdişlərinin formalaşdığı mühüm məktəbdir”.

QHT.az xəbər verir ki, bu təkliflə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Beynəlxalq Radionun müsahibəsində çıxış edib. 

 

QHT sədrinin sözlərinə görə, könüllülük proqramlarında iştirak edən gənclər gələcək əmək fəaliyyətində, xüsusilə vətəndaşlarla ünsiyyət və ictimai münasibətlərin qurulmasında mühüm üstünlüklər qazanırlar.

“Mən təklif edərdim ki, gələcəkdə qanunvericiliyə dövlət qurumlarına işə qəbul zamanı minimum üç aylıq könüllülük təcrübəsinin tələb olunmasını nəzərdə tutan müddəa əlavə edilsin. Hesab edirəm ki, dövlət qurumunda çalışmaq istəyən gəncin əvvəlcədən müəyyən müddət könüllülük fəaliyyəti ilə məşğul olması onun həm peşəkar, həm də kommunikasiya  bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər. Bu, vətəndaşlarla işləmək mədəniyyətinin formalaşmasına da ciddi töhfə verər”, – deyə o vurğulayıb.

 

Cəsarət Hüseynzadə qeyd edib ki, belə bir yeniliyin tətbiqi mərhələli şəkildə həyata keçirilə bilər:

“Əlbəttə, bu tələbi birdən-birə bütün vətəndaşlara şamil etmək düzgün olmazdı. Məsələn, qanun qəbul edildiyi ildən ali təhsil müəssisələrinə daxil olan tələbələr üçün belə bir mexanizm müəyyənləşdirilə bilər. Artıq təhsilini başa vurmuş və əmək bazarında olan şəxslər üçün isə keçid müddəti nəzərdə tutula bilər”.

QHT sədrinin fikrincə, bu təşəbbüs həm dövlət qurumları, həm gənclər, həm də vətəndaş cəmiyyəti təşkilatları üçün yeni imkanlar yarada bilər.

 

“Belə bir mexanizm tətbiq olunarsa, qeyri-hökumət təşkilatlarına könüllü kimi müraciət edən gənclərin sayı əhəmiyyətli dərəcədə artacaq. Bu isə QHT sektorunun insan resurslarının genişlənməsinə, daha böyük sosial layihələrin həyata keçirilməsinə və vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək. Digər tərəfdən, gələcəkdə dövlət və özəl sektorda çalışacaq gənclər artıq müəyyən sosial təcrübəyə, komanda ilə işləmək və vətəndaşlarla ünsiyyət qurmaq bacarıqlarına malik olacaqlar”.

 

Könüllülük fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni mexanizm

 

Cəsarət Hüseynzadə könüllülük fəaliyyətinin inkişafı üçün dayanıqlı maliyyə mexanizminin yaradılmasını da təklif edib.

O, Moldova təcrübəsinə toxunaraq bildirib ki, bu ölkədə əmək haqqından gəlir vergisinin müəyyən hissəsinin ictimai faydalı məqsədlərə yönəldilməsinə imkan verən mexanizm mövcuddur.

“Biz Moldovada səfərdə olarkən maraqlı təcrübə ilə tanış olduq. Orada fiziki şəxslərin ödədikləri əmək haqqından gəlir vergisinin müəyyən hissəsinin ictimai faydalı fəaliyyətə yönəldilməsi mexanizmi tətbiq olunur. Bu təcrübə bir çox Avropa ölkələrində də mövcuddur. Hesab edirəm ki, Azərbaycanda da buna bənzər mexanizmin könüllülük fəaliyyətinin dəstəklənməsi istiqamətində tətbiqi imkanları araşdırıla bilər”.

QHT sədri hesab edir ki, bu istiqamətdə hətta kiçik faiz göstəricisi də ciddi maliyyə imkanları yarada bilər.

“Məsələn, əmək haqqından gəlir vergisinin 1,5 faizi, yaxud daha aşağı – 0,5 faizi könüllülük proqramlarının maliyyələşdirilməsinə yönəldilə bilər. Əsas məsələ bu mexanizmin iqtisadi və hüquqi baxımdan əsaslandırılmasıdır. Dövlət qurumlarının müvafiq statistik məlumatları və maliyyə göstəriciləri əsasında belə bir təşəbbüsün reallaşdırılması imkanları qiymətləndirilə bilər”.

 

Cəsarət Hüseynzadə vurğulayıb ki, könüllülük fəaliyyətinin genişləndirilməsi üçün yalnız hüquqi mexanizmlərin yaradılması kifayət deyil, eyni zamanda, müvafiq maddi-texniki şərait də təmin olunmalıdır.

“Könüllülər üçün uyğun iş mühiti yaradılmalı, onların fəaliyyətinə zəruri resurslar ayrılmalıdır. Xüsusilə nəqliyyat və qidalanma xərclərinin qarşılanması, təlim və inkişaf imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Könüllülük ödənişsiz əmək kimi deyil, gənclərin inkişafına və cəmiyyətə xidmətə yönəlmiş fəaliyyət kimi təşviq olunmalıdır”.

QHT sədri sonda bildirib ki, bu təşəbbüslər dövlət qurumları ilə vətəndaş cəmiyyəti təşkilatları arasında müzakirə edilə və müvafiq təkliflər paketi hazırlanaraq aidiyyəti qurumlara təqdim oluna bilər.

 

“Biz qeyri-hökumət təşkilatları olaraq öz təkliflərimizi irəli sürürük. Təbii ki, dövlət qurumları daha geniş statistik və maliyyə məlumatlarına malikdirlər. İstənilən qanunvericilik təşəbbüsünün həyata keçirilməsi üçün hüquqi əsaslandırma ilə yanaşı, maliyyə təminatı da olmalıdır. Əsas məqsədimiz könüllülük institutunu gücləndirmək, gənclərin potensialını inkişaf etdirmək və vətəndaşlarla işləməyi bacaran peşəkar kadrların yetişməsinə töhfə verməkdir”.