Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a müsahibə verib.

QHT sədri vətəndaşların teatr, kino və digər mədəni tədbirlərə maraq səviyyəsi, bu marağın artma səbəbləri və pandemiyadan sonrakı dövrdə müşahidə olunan dəyişikliklər barədə fikirlərini bölüşüb.

 

QHT.az: Sizcə, hazırda vətəndaşların teatr, kino və digər mədəni tədbirlərə maraq səviyyəsi necədir?

Aytən Həsənova: Vətəndaşların maraq səviyyəsi əvvəlki illərə baxanda çox artıb. Xüsusilə də kinonu vurğulamaq istərdim, çünki kinoya gənclər daha çox meyl göstərirlər. Orta təbəqə nümayəndələri də kinoya və teatra daha çox gedirlər ki, bu da çox sevindirici haldır. Teatrlara da maraq artıb, çünki tamaşalar bu gün yüksək peşəkar səviyyədə hazırlanır. Əvvəlki illərlə müqayisədə teatrın da səviyyəsi həm yaxşılaşıb, həm də tamaşaçı marağı çoxalıb. Mənim özümün də, qızlarımın da bu sahəyə marağı böyükdür. Hətta xaricdə təhsil alan qızım belə, Azərbaycana gələndə konsertlərə, kinoya və teatra maraq göstərir.

 

QHT.az: Bu marağın azalmasının və ya artmasının əsas səbəbləri nələrdir?

Aytən Həsənova: Marağın artmasının əsas səbəblərindən biri odur ki, bu gün qadınlar cəmiyyətdə olmağı daha çox xoşlayırlar. Onlar sosial və mədəni tədbirlərdə daha fəal iştirak edirlər. Kino və teatr cəmiyyətin ayrılmaz bir hissəsidir və bu gün bu dəyərlərə olan maraq daha da artır. Mən düşünürəm ki, gələcək illərdə bu maraq daha da çoxalacaq. Çünki insanlar nə qədər məşğul olsalar da, bir o qədər də belə tədbirlərə vaxt ayırmağa çalışırlar.

 

QHT.az: Pandemiyadan sonra kütləvi tədbirlərə maraq bərpa olunubmu, yoxsa hələ də durğunluq müşahidə olunur?

Aytən Həsənova: Bəli, mən deyərdim ki, pandemiyadan sonra kütləvi tədbirlərə maraq təkcə bərpa olunmayıb, hətta artıqlaması ilə bərpa olunub. Maraq çoxalıb. Bizə hər gün müxtəlif qoruqlarda və mədəni məkanlarda tədbirlər keçirmək üçün müraciətlər daxil olur. Mənim sahəmə aid olan kütləvi tədbirlərə sənətkarlar, sahibkarlar və digər yaradıcı insanlar daha çox qoşulurlar. Deməzdim ki, maraq azalıb – əksinə, son illərdə nəzərəçarpacaq dərəcədə çoxalıb.

 

Pərvanə Fərhadqızı