Bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının 5-ci ildönümüdü.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, ibtidai sinif müəllimi Pərvinə Qədimova QHT.az-a açıqlamasında həmin günü unudulmaz xatirələrlə yada salıb:
“2020-ci ildə IV sinfə hibrid formada dərs keçirdim. 9 oktyabrda Hadrutun azad edildiyi günü növbəti dərs zamanı xüsusi şəkildə qeyd etdik. Şagirdlərimlə birlikdə bu xəbəri eşidəndə sinifdə fərqli bir ruh hakim idi — sevinc, qürur, göz yaşları və eyni zamanda Vətənə olan sevgimizin coşqusu bir-birinə qarışmışdı. Həmin günlərdə dərsi adi qaydada davam etdirmək mümkün deyildi.”
Pərvinə Qədimova bildirib ki, həmin günlərdə dərslər sadəcə tədris fəaliyyəti deyil, şagirdlərdə vətənpərvərlik duyğularını formalaşdıran dəyərlər dərsi idi:
“Dərsi debat formatında qururduq: uşaqlar ‘Vətənə xidmət nə deməkdir?’, ‘Qələbə üçün nələr vacibdir?’, ‘Ordumuzun qəhrəmanlığı bizə nə öyrədir?’ kimi suallar ətrafında müzakirələr aparırdılar. Biz hər gün xəbərləri izləyir, azad olunan torpaqların adlarını öyrənir, Azərbaycanın xəritəsində həmin yerləri birlikdə işarələyirdik. 44 günün hər biri dərs planımda bir mövzuya çevrilmişdi: igidlik, birlik, səbr, inam və ümid. Şagirdlər həmin dövrü real tarixin içində yaşayıb, Vətən sevgisini kitablardan deyil, həyatdan öyrəniblər. Biz birlikdə bu tarixi yaşadıq, o anlara şahid olduq. Mənim üçün müəllim kimi ən böyük qürur o idi ki, bu nəsil Vətən sevgisini dərsliklərdən deyil, real həyatın içindən öyrəndi. Hər biri azad Qarabağa getmək, orada oxumaq, yaratmaq arzusunu dilə gətirirdi. Bu gün həmin şagirdlər artıq 9-cu sinifdə oxuyurlar, amma o 44 gün onların yaddaşında silinməz iz buraxıb.”
Pərvinə Qədimova sonda vurğulayıb:
“O dövrdə dərslərimiz sadəcə fənn tədrisi deyildi, həyat dərsi idi. Uşaqlar öz gözləri ilə gördülər ki, tarix dərsliklərdə deyil, onların yaşadığı günlərdə yazılır. Mənim üçün bu, müəllim kimi həyatımın ən dəyərli dərs dövrü idi — həm tədris, həm də tarix baxımından.”












