“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a açıqlamasında bildirib ki, vətəndaşların mədəni tədbirlərə, xüsusilə kino və teatra marağı əvvəlki illərlə müqayisədə xeyli artıb.

Onun sözlərinə görə, bu sahələrdə həm peşəkarlıq səviyyəsi yüksəlib, həm də cəmiyyətin müxtəlif təbəqələri, xüsusən gənclər daha fəal iştirak göstərməyə başlayıblar:

“Vətəndaşların maraq səviyyəsi əvvəlki illərə baxanda çox artıb. Xüsusilə də kinoya gənclər daha çox meyil salır. Orta təbəqə daha çox gedir və bu, sevindirici haldır. Teatrlara da maraq artıb, çünki tamaşalar bu gün çox peşəkar səviyyədə hazırlanır. Əvvəlki illərlə müqayisədə teatrın da səviyyəsi yaxşılaşıb”.

Aytən Həsənova əlavə edib ki, qadınların cəmiyyətdə fəallığının artması da mədəni tədbirlərə marağın yüksəlməsində mühüm rol oynayır:

“Bu gün qadınlar cəmiyyətdə olmağı daha çox xoşlayırlar, kinoya, teatra, konsertlərə maraq göstərirlər. Mənim qızlarım da bu marağı bölüşür, hətta xaricdə təhsil alan qızım Azərbaycana gələndə belə, mütləq kino və teatra gedir. İnsanların vaxtı az olsa da, mədəniyyətə maraqları bir o qədər çoxalır. Bu tendensiya gələcək illərdə də davam edəcək və mədəni mühitin inkişafına müsbət təsir göstərəcək".

 

Pərvanə Fərhadqızı