Yay aylarında havaların isinməsi ilə bədənin mayeyə olan tələbatı da artır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, kifayət qədər su qəbul edilməməsi həm fiziki, həm də zehni sağlamlıq üçün ciddi risklər yarada bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki,  su bədəndən toksinlərin xaric olunması, maddələr mübadiləsinin tarazlığının qorunması və həyati biokimyəvi proseslərin normal işləməsi üçün vacibdir. Onun sözlərinə görə, insan orqanizmi gündə orta hesabla 2,5 litr maye itirir. Bu itkinin təxminən 1,5 litri böyrəklər, 500 millilitri dəri, 300 millilitri bağırsaqlar, 300 millilitri isə tənəffüs yolu ilə baş verir və mütləq bərpa edilməlidir.

Dietoloq gündəlik su ehtiyacının bədən çəkisinin hər kiloqramına təxminən 30 millilitr hesabı ilə müəyyən edilə biləcəyini qeyd edib. Məsələn, 70 kiloqram çəkisi olan bir şəxsin gündə təxminən 2,1 litr su içməsi tövsiyə olunur. İsti hava şəraitində isə bu ehtiyac daha da artır.

Mütəxəssis xüsusilə körpələrin, yaşlı insanların, hamilə və süd verən qadınların susuzlaşma riski ilə daha çox üzləşdiyini vurğulayıb. Hamilə qadınlara gündə ən azı 3 litr, süd verən analara isə təxminən 3,8 litr maye qəbul etmələri tövsiyə edilir.

Melike Aslıhan Kara maye ehtiyacının ilk növbədə su ilə ödənilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, çay, qəhvə, bitki çayları, qazlı və enerji içkiləri suyun əvəzi hesab edilmir. Ayran, kefir, süd və mineral su maye qəbulunu dəstəkləyə bilər. Bundan əlavə, evdə hazırlanmış şəkərsiz limonad, şəkərsiz buzlu çay və qarpız, yemiş kimi yüksək su tərkibli meyvələrin istehlakı da faydalıdır.

Dietoloq idmanla məşğul olan şəxslərə məşqdən əvvəl və sonra maye qəbulunu planlaşdırmağı tövsiyə edib.

Mütəxəssis sonda qeyd edib ki, susuzlaşma yalnız fiziki sağlamlığa deyil, beyin fəaliyyətinə də mənfi təsir göstərir. Kifayət qədər su qəbul edilməməsi diqqət və yaddaşın zəifləməsinə səbəb ola bilər. Uzunmüddətli susuzlaşma isə böyrək daşı, sidik yolu infeksiyaları, piylənmə və bəzi metabolik xəstəliklərin yaranma riskini artırır.