Yay aylarında havanın temperaturunun yüksəlməsi ilə tərləmə bədənin özünü sərinlətmək üçün istifadə etdiyi təbii mexanizmə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həm həddindən artıq tərləmə, həm də ümumiyyətlə tərləməmək müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, normal tərləmə bədənin temperaturunu tənzimləyir və orqanizmin sağlam fəaliyyətinin vacib hissəsidir. Onun sözlərinə görə, yay aylarında tərləmənin tamamilə olmaması və ya normadan artıq olması diqqətdən kənarda qalmamalıdır.

Mütəxəssis qeyd edib ki, həddindən artıq tərləmə orqanizmdə maye və mineral itkisinə səbəb olur. Bu isə qan təzyiqinin enməsi, başgicəllənmə, halsızlıq, yorğunluq və hətta huşun itirilməsi kimi problemlərlə nəticələnə bilər. Digər tərəfdən, tərləməmək bədənin temperaturunu tənzimləməsinə mane olur və isti vurması riskini artırır.

Dr. Arslan yay aylarında xüsusilə günün ən isti saatlarında birbaşa günəş altında qalmamağı, ağır fiziki fəaliyyətlərdən çəkinməyi, açıq rəngli və pambıq parçadan hazırlanmış geyimlər seçməyi, həmçinin kifayət qədər maye qəbul etməyi tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, ürək-damar, hipertoniya, böyrək və şəkərli diabet xəstələri isti havalarda daha diqqətli olmalıdırlar. Bu şəxslər qəbul etdikləri dərmanların dozasının tənzimlənməsi ilə bağlı müalicə həkimləri ilə məsləhətləşməli və susuzlaşmanın qarşısını almaq üçün kifayət qədər maye qəbul etməlidirlər.

Dr. Arslan bildirib ki, sağlam yetkin bir insan yay aylarında gündə 3 litrə qədər maye qəbul etməlidir. Bununla belə, ürək çatışmazlığı, ödem və ya böyrək xəstəliyi olan şəxslər maye qəbulunu yalnız həkim tövsiyəsinə uyğun şəkildə tənzimləməlidirlər. O əlavə edib ki, sidiyin açıq sarı rəngdə olması və normal bağırsaq fəaliyyətinin müşahidə edilməsi orqanizmin kifayət qədər maye qəbul etdiyini göstərən əsas əlamətlərdən biridir.