Günəş işığı təkcə istilik mənbəyi deyil, həm də orqanizmin normal fəaliyyəti üçün vacib təbii amillərdən biridir. Mütəxəssislər bildirirlər ki, günəş şüaları bioloji saatın tənzimlənməsinə, D vitamini sintezinə, immun sisteminin güclənməsinə, əhval-ruhiyyənin yaxşılaşmasına və keyfiyyətli yuxuya mühüm töhfə verir.
QHT.az xarici mediaya istinadən bildirir ki, günəş işığı insan orqanizminin “sirkadian ritmini” – yəni gecə-gündüz biologiyasını tənzimləyir. Bu ritm gün ərzində daha enerjili olmağa, gecələr isə rahat yuxuya getməyə kömək edir.
Mütəxəssisin sözlərinə görə, günəş şüaları dəridə D vitamini sintezini aktivləşdirir. D vitamini sümüklərin möhkəmlənməsində, həmçinin immun hüceyrələrinin düzgün fəaliyyətində mühüm rol oynayır. Kifayət qədər günəş işığı qəbulunun tənəffüs yolu infeksiyalarına qarşı müqaviməti artırdığı, iltihabi proseslərin tarazlanmasına və immun sisteminin güclənməsinə dəstək olduğu bildirilir.
Bundan əlavə, günəş işığı beyində serotonin hormonunun ifrazını artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır. O, həmçinin axşam saatlarında melatonin hormonunun vaxtında ifraz olunmasına kömək edir ki, bu da daha rahat yuxuya getməyə və yuxu keyfiyyətinin yüksəlməsinə şərait yaradır. Günəş işığının az olduğu hallarda isə yorğunluq, yuxu pozğunluğu və depressiv əlamətlər daha çox müşahidə oluna bilər.
Bununla yanaşı, həkim günəşdən düzgün istifadə etməyin vacibliyini də vurğulayır. Xüsusilə yay aylarında saat 11:00–16:00 arasında birbaşa günəş şüalarına məruz qalmaqdan çəkinmək tövsiyə olunur. Bu saatlarda ultrabənövşəyi şüaların təsiri daha güclü olduğundan dəri yanıqları, vaxtından əvvəl qocalma və uzunmüddətli perspektivdə dəri xərçəngi riski arta bilər.
Mütəxəssislər günəşdən qorunmaq üçün kifayət qədər su qəbul etməyi, UV filtrli günəşdən qoruyucu kremlərdən istifadə etməyi, açıq rəngli və nazik geyimlər seçməyi, həmçinin çölə çıxarkən papaq və günəş eynəyi taxmağı məsləhət görürlər. Bu qaydalara əməl etməklə günəş işığının faydalarından təhlükəsiz şəkildə yararlanmaq mümkündür.












