Yeni elmi araşdırma göstərib ki, müntəzəm yuxu çatışmazlığı immun sisteminin fəaliyyətini zəiflədərək orqanizmi infeksiyalara qarşı daha həssas edə bilər. Tədqiqatın nəticələri beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırmada açıqlanıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, gecə 6 saatdan az yatan insanlarda immun hüceyrələrinin fəaliyyəti zəifləyir və orqanizmin virus və bakteriyalarla mübarizə qabiliyyəti azalır. Araşdırmaya görə, hətta bir neçə gecə ardıcıl olaraq kifayət qədər yatmamaq belə immun sistemində iltihab reaksiyalarını gücləndirə və infeksiyalara yoluxma riskini artıra bilər.

Alimlərin sözlərinə görə, yuxu zamanı orqanizmdə immun cavabın formalaşmasında mühüm rol oynayan zülallar – sitokinlər sintez olunur. Yuxu müddəti azaldıqda bu maddələrin istehsalı da zəifləyir və nəticədə bədənin xəstəliklərə qarşı müdafiəsi aşağı düşür.

Tədqiqat müəllifləri bildirirlər ki, uzunmüddətli yuxu çatışmazlığı təkcə immun sisteminə deyil, həm də ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və depressiya riskinin artmasına səbəb ola bilər.

Mütəxəssislər sağlamlığın qorunması üçün böyüklərə hər gecə 7–9 saat keyfiyyətli yuxu tövsiyə edirlər. Onlar yatmazdan əvvəl elektron cihazlardan istifadəni azaltmağı, kofein qəbulunu məhdudlaşdırmağı və sabit yuxu rejiminə əməl etməyi məsləhət görürlər.