Günərzi Qayğı Mərkəzində “18 İyun Milli İnsan Hüquqları Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a bildirib ki, Mərkəzə cəlb olunan uşaqların valideynlərinin insan hüquqları, uşaq hüquqları barədə məlumatlandırılması, Mərkəz tərəfindən müvafiq dəstəyin göstərilməsi tədbirin əsas məqsədlərindəndir: “Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatında fəaliyyət göstərən Hüquq şöbəsinin məsləhətçisi Fariz Əhmədov və Mərkəzin sosial işçisi Lalə Qasımova tərəfindən məlumatlandırma təşkil edilib. Günərzi Qayğı Mərkəzindən faydalananlar üçün hüquqi dəstək il ərzində Mərkəzin müvafiq mütəxəssisləri tərəfindən həyata keçirilir”.
Məlumat üçün bildirək ki, Günərzi Qayğı Mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən açılır. Burada xüsusi qayğıya ehtiyacı olan şəxslərin zəruri sosial xidmətlərlə əhatə olunması üçün icra olunan sosial proqramlar həyata keçirilir. Bütün zəruri avadanlıqlarla təchiz olunan belə mərkəzlərdə uşaqların psixo-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir, ailələr ehtiyac duyduqları sosial xidmətlərlə təmin edilir. Bu kimi tədbirlər həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına da dəstək olur.
Pərvanə Fərhadqızı












