İnkişaf etmiş vətəndaş cəmiyyətinin əsas göstəricilərindən biri ictimai institutlar və münasibətlər sistemi, yəni sosial, mənəvi, mədəni sahələr vasitəsilə insanların həyat fəaliyyəti, onların yaradıcılığı və nəsildən-nəsilə ötürülməsi üçün fərdlərin və kollektivlərin xüsusi maraq və tələbatlarının reallaşmasında lazım olan şəraitin münbitliyidir.

Bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrail İsgəndərov QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, vətəndaş cəmiyyətinin inkişafının əsaslarından birini isə “İcma Menecmenti və “İcma İnkişafı” təşkil edir: “İcma inkişafı prosesində demokratik dəyərlər kimi anladığımız bir sıra kriteriyalar var ki, bunlardan da ən əsası insanların fərdi inkişafına nail olmaq, vətəndaş cəmiyyətinin inkişafında hər bir şəxsin rol və təşəbbüsünü artırmaq, insanlara öz hüquq və səlahiyyətlərini bilməyi aşılamaqdan ibarətdir. İcma inkişafı prosesi də məhz, bu sadalananları öz məqsəd-hədəfinə çevirir”.

İcma inkişafının cəmiyyətin formalaşmasında xüsusi rol oynadığını deyən İsrail İsgəndərov həmçinin qeyd edib ki, vətəndaş cəmiyyəti dövlət, cəmiyyət, media və özəl sektorun, ictimaiyyətin və dövlət orqanlarının münasibətlərindən asılı olaraq formalaşır və inkişaf edir.

 

Pərvanə Fərhadqızı