Bəzən elə insanlar olur ki, onların həyat yolunu bir neçə vəzifə adı ilə ifadə etmək mümkün olmur. Çünki həmin insanlar tutduqları vəzifələrdən daha böyük missiyanın daşıyıcısına çevrilirlər. Hidayət Orucov da məhz belə şəxsiyyətlərdən idi.

Azərbaycan ictimai fikrində, ədəbi-mədəni mühitində və dövlətçilik tarixində özünəməxsus yeri olan Hidayət müəllimin fəaliyyətindən danışarkən ilk növbədə onun İrəvan Teatrına bağlılığını xatırlamaq lazımdır. Çünki onun həyatının ən mənalı və məhsuldar dövrlərindən biri məhz İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə əlaqədar olmuşdur.

Ötən əsrin 60-cı illərinin sonlarında İrəvanda fəaliyyət göstərən yeganə Azərbaycan dövlət teatrına rəhbərlik etmək sadəcə inzibati vəzifə deyildi. Bu, həm də milli kimliyi, dili, ədəbiyyatı və mədəni yaddaşı qorumaq məsuliyyəti idi. Hidayət Orucov bu məsuliyyəti dərindən dərk edir, teatrı təkcə sənət məkanı deyil, Azərbaycan varlığının mühüm dayaqlarından biri hesab edirdi.

Onun rəhbərliyi illərində teatr yaradıcılıq baxımından yeni mərhələyə qədəm qoydu. Səhnəyə çıxarılan tamaşalar, formalaşan aktyor nəsli, repertuar siyasəti və kollektivin peşəkarlıq səviyyəsi İrəvan Teatrının nüfuzunu daha da artırdı. Həmin dövrə nəzər saldıqda aydın görünür ki, Hidayət Orucov teatrın yaşaması və inkişafı üçün yalnız rəhbər kimi deyil, həm də onun mənəvi dayağı kimi çalışıb.

Əslində, Hidayət müəllimin İrəvan Teatrına xidməti yalnız rəhbərlik etdiyi illərlə məhdudlaşmırdı. Sonrakı dövrlərdə də o, teatrın tarixinin, ənənələrinin və Qərbi Azərbaycandakı mədəni irsimizin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərdi. Onun çıxışlarında, məqalələrində və bədii əsərlərində İrəvan mövzusu daim xüsusi yer tuturdu. Bu isə təsadüfi deyildi. Çünki İrəvan Teatrı onun həyatında sadəcə bir sənət ocağı deyil, mənəvi yaddaşın ayrılmaz hissəsi idi.

Bu gün İrəvan Teatrının keçdiyi tarixi yola nəzər salarkən Hidayət Orucovun xidmətləri xüsusi ehtiramla xatırlanır. O, mürəkkəb tarixi şəraitdə Azərbaycan teatr sənətinin yaşadılmasına, milli-mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr vermiş şəxsiyyətlərdən biri kimi yaddaşlarda yaşayır.

Hidayət Orucovun vəfatı Azərbaycan ictimaiyyəti, ədəbi mühiti və teatr cameəsi üçün ağır itkidir. Lakin onun zəngin irsi, yazdıqları, yaratdıqları və yetişdirdiyi insanlar yaşayır. İrəvan Teatrının tarixində isə onun adı xüsusi ehtiramla çəkiləcək və hər zaman minnətdarlıqla xatırlanacaq.

Yaşar Zeynalov C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi