Məktəbli forması ilə yanaşı, müəllimlər üçün də vahid geyim qaydalarının tətbiqi təhsil müəssisələrində nizam-intizamın güclənməsinə və daha vahid mühitin formalaşmasına töhfə verə bilər.

Bu fikirləri QHT.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev səsləndirib.

Ekspertin sözlərinə görə, orta ümumtəhsil məktəblərində həm şagirdlərin, həm də müəllimlərin vahid geyim formasında olması məktəbdə nizam-intizamın möhkəmlənməsinə xidmət edəcək. O bildirib ki, müəllimlərin də vahid geyimdən istifadə etməsi şagirdlər üçün nümunə rolunu oynayacaq və məktəb formasına münasibətdə etirazların azalmasına səbəb olacaq.

R.Nurəliyev qeyd edib ki, beynəlxalq təcrübədə də bir çox inkişaf etmiş ölkələrdə müəllimlər müəyyən edilmiş geyim qaydalarına uyğun fəaliyyət göstərirlər. Onun fikrincə, bu yanaşma məktəbin ümumi görünüşünü yaxşılaşdırmaqla yanaşı, təhsil mühitində intizamın və məsuliyyət hissinin güclənməsinə də şərait yaradır.

Ekspert hesab edir ki, vahid geyim qaydaları müəllimlər və şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını ala bilər. Belə ki, imkanlı və ya imkansız təbəqələr arasında geyim üzərindən yaranan fərqlər minimuma enər və hamı bərabər şəraitdə görünər.

“Müəllimlərin geyim qaydalarının müəyyənləşdirilməsi həm də təhsil müəssisələrində ümumi etik davranış standartlarının qorunmasına kömək edə bilər. Bu, tədris prosesinə daha ciddi və məsuliyyətli yanaşmanın formalaşmasına xidmət edər”, – deyə o vurğulayıb.

Ramin Nurəliyev əlavə edib ki, geyim qaydalarının hüquqi əsaslarla və ya müvafiq normativ sənədlərlə tənzimlənməsi məktəblərdə vahid yanaşmanın təmin olunmasına imkan verəcək. Onun fikrincə, müəllimlərin fəaliyyət sahələrinə uyğun fərqli geyim tələbləri də nəzərə alına bilər.

Ekspert yekunda müəllimlər üçün vahid geyim formasının tətbiqini müsbət və perspektivli təşəbbüs kimi qiymətləndirib.

Zəhra Ağayeva