"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Etibarlı gömrük: şəffaf idarəetmə və ictimai nəzarət mexanizmləri" mövzusunda maarifləndirici tədbirdə iştirak edib və tədbirlə bağlı fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Dövlət Gömrük Komitəsi və Komitə yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Etibarlı gömrük: şəffaf idarəetmə və ictimai nəzarət mexanizmləri" mövzusunda maarifləndirici tədbirdə iştirak etdim.

Tədbirin açılışında Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov və Komitə yanında İctimai Şuranın sədri Zakir Nuriyev çıxış edərək gömrük sistemində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətindən bəhs etdilər.

Daha sonra "Korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi: şəffaf idarəetmə, ictimai etimad və vətəndaş iştirakçılığı" mövzusunda məruzə ilə çıxış etdim. Ardınca Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov və Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi Adil Muradov gömrük sistemində dürüstlük, xidmət keyfiyyəti və institusional inkişaf istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatlarla çıxış etdilər.

Çıxışımda qeyd etdim ki, korrupsiyaya qarşı mübarizənin gələcəyi yalnız hüquqi məsuliyyət tədbirlərinin sərtləşdirilməsi ilə ölçülə bilməz. Əsas vəzifə korrupsiya risklərini yaradan idarəetmə boşluqlarını aradan qaldırmaq, qərarvermə proseslərini maksimum şəffaflaşdırmaq və vətəndaşların dövlət institutlarına etimadını gücləndirməkdir. Etimad inzibati qərarlarla deyil, ardıcıl, ədalətli və şəffaf fəaliyyət nəticəsində formalaşır.Tədbir bir daha göstərdi ki, müasir gömrük sistemi yalnız sərhədlərin və iqtisadi təhlükəsizliyin qorunmasına xidmət edən qurum deyil. O, eyni zamanda dövlət idarəçiliyinin keyfiyyətinin, sahibkarlıq mühitinin etibarlılığının və vətəndaşın dövlətə inamının formalaşmasında mühüm rol oynayan institutdur.

Hesab edirəm ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında bu formatda keçirilən peşəkar dialoqlar şəffaf idarəetmənin inkişafına və ictimai etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Eyni zamanda, belə təşəbbüslər korrupsiyaya qarşı mübarizənin institusional əsaslarını daha da gücləndirir.

Bu baxımdan, maarifləndirici təşəbbüslərin davamlı xarakter alması dövlət–vətəndaş tərəfdaşlığının möhkəmlənməsinə və ölkəmizdə dürüst, şəffaf və hesabatlı idarəetmə mədəniyyətinin inkişafına xidmət edəcək".