"Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlamasını regionda sosial siyasətin müasir tələblərə uyğun təşkili və sosial xidmətlərin əhali üçün daha əlçatan, çevik və şəffaf şəkildə təqdim olunması baxımından mühüm addım kimi qiymətləndirmək olar. Xüsusilə dövlət sosial xidmətlərinin vahid məkanda və “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi vətəndaşların müxtəlif qurumlara ayrıca müraciət etmək zərurətini azaltmaqla onların vaxtına və resurslarına qənaət etməsinə imkan yaradacaqdır".
Bu fikirləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Üfüq Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Nuriyyə Abbasova QHT.az-a açıqlamasında bildirib.
N.Abbasovanın sözlərinə görə, DOST modelinin əsas üstünlüklərindən biri sosial xidmətlərin keyfiyyət və vətəndaş məmnunluğu ilə birlikdə qiymətləndirilməsidir.
Nuriyyə Abbasova bildirib ki, Naxçıvan Regional DOST Mərkəzinin yaradılması regionlarda sosial müdafiənin gücləndirilməsi istiqamətində mühüm addımdır:
"Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətə, xüsusilə regionlarda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğının mühüm təzahürlərindən biri kimi qiymətləndirilə bilər. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri vətəndaşların sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, xidmətlərin daha şəffaf, operativ və müasir standartlara uyğun təşkil edilməsidir. Bu baxımdan DOST konsepsiyasının regionlara, o cümlədən Naxçıvana tətbiqi sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, dövlət-vətəndaş münasibətlərində müasir və vətəndaşmərkəzli yanaşmanın daha da möhkəmləndirilməsinə xidmət edir".
Sədr vurğulayıb ki, mərkəzdə geniş çeşiddə sosial xidmətlərin göstərilməsi əhalinin müxtəlif ehtiyaclarının daha sistemli qarşılanmasına imkan yaradacaqdır:
"Mərkəzdə 164 sosial xidmətin göstərilməsinin nəzərdə tutulması Naxçıvan əhalisinin sosial müdafiə, məşğulluq, pensiya, müavinət, əlillik, sosial xidmət və digər istiqamətlər üzrə ehtiyaclarının daha sistemli şəkildə qarşılanmasına şərait yaradacaqdır. Bu baxımdan mərkəzin fəaliyyətinin regionda sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə və xidmətlər arasında koordinasiyanın gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir".
Nuriyyə Abbasova qeyd edib ki, mərkəzin fəaliyyətində xidmətlərin keyfiyyəti və operativliyi xüsusi əhəmiyyət daşıyır:
"Mərkəzin digər mühüm xüsusiyyəti xidmətlərin yalnız kəmiyyət baxımından genişləndirilməsi deyil, onların keyfiyyətinin və operativliyinin artırılması potensialıdır. 117 əməkdaşın və 50 könüllünün fəaliyyət göstərməsi və gün ərzində orta hesabla 500–600 vətəndaşın qəbulunun nəzərdə tutulması kifayət qədər geniş xidmət imkanlarının formalaşdırıldığını göstərir. Bu, xüsusilə sosial xidmətlərə daha çox ehtiyacı olan şəxslərin – aztəminatlı ailələrin, əlilliyi olan şəxslərin, yaşlıların, işaxtaranların və digər həssas qrupların müraciətlərinin daha operativ şəkildə cavablandırılması baxımından əhəmiyyətlidir".
N.Abbasovanın sözlərinə görə, mərkəzin uzunmüddətli təsiri vətəndaşların sosial xidmətlərə münasibətində və dövlət-vətəndaş münasibətlərində yaranacaq dəyişikliklərlə də ölçüləcəkdir:
"Məncə, Naxçıvan Regional DOST Mərkəzinin uzunmüddətli təsiri yalnız göstərilən xidmətlərin sayı ilə deyil, region əhalisinin sosial xidmətlərə münasibətində və dövlət-vətəndaş münasibətlərində yaradacağı dəyişikliklərlə də ölçüləcəkdir. Vətəndaşın müraciətinin dinlənilməsi, ehtiyacının düzgün müəyyənləşdirilməsi və uyğun xidmətə yönləndirilməsi sosial xidmətlərin effektivliyini əhəmiyyətli dərəcədə artırır. DOST modelinin digər mərkəzlərdə tətbiqi də bu yanaşmanın sosial xidmətlərin təşkilində institusional əhəmiyyətini göstərir".
Sədr bildirib ki, könüllülərin mərkəzin fəaliyyətinə cəlb olunması sosial məsuliyyət və vətəndaş iştirakçılığı baxımından müsbət haldır:
"Eyni zamanda, mərkəzin fəaliyyətində könüllülərin iştirakının nəzərdə tutulması sosial məsuliyyət və vətəndaş iştirakçılığı baxımından müsbət haldır. Könüllülərin vətəndaşların istiqamətləndirilməsi və xidmətlərə çıxışının asanlaşdırılması prosesinə cəlb olunması həm xidmət mühitinin daha əlçatan olmasına, həm də gənclərin sosial sahədə praktiki təcrübə qazanmasına imkan verə bilər".
Nuriyyə Abbasova vurğulayıb ki, mərkəzin davamlı monitorinqi və vətəndaş məmnunluğunun qiymətləndirilməsi xidmətlərin daha da təkmilləşdirilməsinə şərait yaradacaqdır:
"Mərkəzin fəaliyyətinin davamlı şəkildə monitorinq edilməsi, vətəndaş məmnunluğunun mütəmadi qiymətləndirilməsi və xidmətlərin real ehtiyaclara uyğun təkmilləşdirilməsi onun regionda sosial rifahın yüksəldilməsinə və sosial xidmətlərin keyfiyyətinin daha da artırılmasına imkan verəcəkdir".
Fatimə Nəbiyeva






