"Naxçıvanda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından çox mühüm addımdır. Bu mərkəzə yalnız sosial xidmətlərin göstərildiyi məkan kimi deyil, həm də insanların öz potensialını kəşf etdiyi, bacarıqlarını inkişaf etdirdiyi və cəmiyyət həyatında özünə layiqli yer qazandığı bir platforma kimi yanaşmaq lazımdır".
Bu fikrləri “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib.
N.İsmayılovanın sözlərinə görə, inklüziv mərkəzlərin əsas məqsədlərindən biri sosial təcridin qarşısının alınmasıdır:
"Əvvəla, belə bir mərkəz əlilliyi olan şəxslərin sosial təcriddən çıxmasına və fəal sosial həyata qoşulmasına imkan yaradır. İnsan özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etdikdə onun özünəinamı, motivasiyası və müstəqil qərarvermə imkanları da artır".
Nailə İsmayılova bildirib ki, yaradıcılıq və bacarıqların üzə çıxarılması da mərkəzin mühüm istiqamətlərindəndir:
"İkinci mühüm istiqamət yaradıcılıq və bacarıqların üzə çıxarılmasıdır. Müxtəlif sənət, yaradıcılıq, peşə və inkişaf proqramları vasitəsilə insanların bəzən özlərinin belə fərqində olmadığı istedadları üzə çıxa bilər. Bu, həm fərdin şəxsi inkişafına, həm də onun gələcəkdə əmək bazarında və ictimai həyatda daha fəal iştirakına şərait yaradır".
Sədr vurğulayıb ki, inklüziv mərkəzlər cəmiyyətə əlilliklə bağlı mühüm mesaj ötürür:
"Digər tərəfdən, inklüziv mərkəzlər cəmiyyətə çox mühüm bir mesaj verir: əlillik insanın imkanlarının deyil, yalnız müəyyən məhdudiyyətlərinin olması deməkdir. Əsas məsələ həmin insanların potensialını reallaşdırması üçün bərabər imkanların yaradılmasıdır".
N.İsmayılovanın sözlərinə görə, Naxçıvanda belə bir mərkəzin fəaliyyət göstərməsi inklüziv cəmiyyət modelinin regionlarda gücləndirilməsinə xidmət edir:
"Naxçıvanda belə bir mərkəzin fəaliyyət göstərməsi həm də inklüziv cəmiyyət modelinin regionlarda gücləndirilməsi baxımından əhəmiyyətlidir. Burada əlilliyi olan şəxslərlə yanaşı, onların ailələri, mütəxəssislər və digər sosial qrupların da prosesə cəlb olunması qarşılıqlı münasibətləri və sosial həmrəyliyi gücləndirə bilər".
Nailə İsmayova hesab edir ki, layihənin əsas nəticəsi əlilliyi olan şəxslərə münasibətdə yanaşmanın dəyişməsinin möhkəmlənməsi olacaq:
"Mən hesab edirəm ki, bu layihənin ən mühüm nəticəsi əlilliyi olan şəxslərə sadəcə “yardım alan insanlar” kimi deyil, istedadları, bacarıqları və cəmiyyətə verə biləcəkləri töhfələri olan fəal vətəndaşlar kimi yanaşmanın daha da möhkəmlənməsi olacaq. Bu baxımdan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həm sosial müdafiə, həm də insan kapitalının inkişafı baxımından mühüm layihədir".
Fatimə Nəbiyeva






