"Ümumiyyətlə, dünyada neft qiymətləri sabit deyil və burada daim volatillik müşahidə olunur. Bəzən qiymətlər artır, bəzən isə azalır. Bu, gündəlik operativ neft satışlarında müşahidə olunan qiymət dəyişkənliyidir. Hesab edirəm ki, hazırda müşahidə olunan azalma ciddi təsirlərə malik olmayacaq. Çünki neft hazırda büdcədə nəzərdə tutulandan daha yüksək qiymətə satılır və bu, müsbət tendensiyadır".

Bu fikirləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, neft qiymətlərində müəyyən volatilliyin müşahidə olunması davamlı prosesdir və hazırkı mərhələdə bunun ölkə iqtisadiyyatına və büdcə gəlirlərinə əhəmiyyətli təsir göstərəcəyi gözlənilmir.

Müsahib vurğulayıb ki, hazırda neftin büdcədə nəzərdə tutulan qiymətdən daha yüksək qiymətə satılması büdcə gəlirləri baxımından müsbət tendensiya hesab olunur. Onun sözlərinə görə, bu vəziyyət neft qiymətlərindəki qısamüddətli dəyişikliklərin mümkün mənfi təsirlərini müəyyən qədər kompensasiya edə bilər.

Eyyub Kərimlinin sözlərinə görə, neft qiymətlərindəki dəyişikliklərin iqtisadiyyata ciddi təsirindən danışmaq üçün bu tendensiyanın uzunmüddətli və davamlı xarakter alması əsas şərtlərdən biridir. O bildirib ki, qısamüddətli qiymət dalğalanmaları ilə uzunmüddətli sabit dəyişiklikləri bir-birindən fərqləndirmək lazımdır.

Sonda ekspert qeyd edib ki, neft bazarında qiymət dəyişkənliyi daim müşahidə olunan proses olduğundan, ayrı-ayrı qısamüddətli enişlərə əsaslanaraq ölkə iqtisadiyyatı və büdcə gəlirləri üçün ciddi risklər barədə nəticə çıxarmaq doğru olmaz.

Piranə Xasiyeva