ABŞ-nin “America First” Qlobal Səhiyyə Strategiyası çərçivəsində dini və icma əsaslı təşkilatlarla əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Lakin Afrikada fəaliyyət göstərən yerli xristian təşkilatlarının bu maliyyələşdirmədən necə yararlanacağı hələlik tam aydın deyil.
QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamenti dini və icma təşkilatları ilə səhiyyə tərəfdaşlıqlarına beş il ərzində təxminən 1,4 milyard dollar ayıracaq. Bunun 850 milyon dolları xüsusi proqram, 570 milyon dolları isə ikitərəfli səhiyyə sazişləri çərçivəsində nəzərdə tutulub.
850 milyon dollarlıq “Faith and Community Initiative” proqramının əsas alıcısı ABŞ-nin xristian humanitar təşkilatı World Vision olacaq. Təşkilat artıq ABŞ hökuməti ilə bir illik 250 milyon dollarlıq müqavilə imzalayıb.
Proqram çərçivəsində 17 ölkədə 30 mindən çox icma səhiyyə işçisinin təlimi, maaş və avadanlıqla təmin edilməsi, həmçinin 2 500-dən çox dini xəstəxana, klinika və icma mərkəzinin dəstəklənməsi planlaşdırılır.
Əsas sual isə maliyyənin yerli dini təşkilatlara hansı mexanizmlə çatdırılacağıdır. Yerli qurumların maliyyələşmədə rolu, qərarvermə prosesində iştirakı və vəsaitin hansı hissəsinin birbaşa onlara ayrılacağı ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Afrikada səhiyyə xidmətlərinin göstərilməsində mühüm rol oynayan kilsələr və dini təşkilatlar yeni strategiyanın yerli səviyyədə tətbiqinin necə həyata keçiriləcəyinə dair əlavə açıqlamalar gözləyirlər.






