"Neftin qiymətlərində hazırda baş verən dəyişikliklər Hörmüz boğazında cərəyan edən proseslərlə bağlıdır. Yəni Hörmüz boğazında gərginliyin artması neftin qiymətini yüksəldir, gərginliyin azalması isə qiymətlərin aşağı düşməsinə səbəb olur. Bu baxımdan, bölgədə səsləndirilən bəyanatlar da xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə ABŞ prezidentinin və İran rəsmilərinin açıqlamaları bazar tərəfindən diqqətlə izlənilir".

Bu fikirləri iqtisadçı Xalid Kərimli QHT.az-a açıqlamasında bildirib.

X.Kərimlinin sözlərinə görə, neftin qiymətinin büdcədə nəzərdə tutulan səviyyədən yüksək olması baxımından hər hansı problem gözlənilmir:

"Azərbaycanda dövlət büdcəsi üçün neftin qiyməti 65 dollar səviyyəsində götürülüb. Hazırda isə neftin qiyməti 85–90 dolların üzərindədir. Ona görə də bu baxımdan hər hansı problem gözlənilmir".

Xalid Kərimli bildirib ki, neftin orta illik qiymətinin büdcədə nəzərdə tutulan göstəricidən 10 dollar yüksək olması Azərbaycanın ümumi gəlirlərini təxminən 2,1 milyard dollar artırır:

"Ümumiyyətlə, məlumat üçün qeyd edim ki, neftin illik orta qiymətinin büdcədə nəzərdə tutulan göstəricidən 10 dollar yüksək olması Azərbaycanın dövlət büdcəsinə təxminən 400 milyon dollar, Dövlət Neft Fonduna isə 1,7 milyard dollar əlavə gəlir gətirir. Yəni neftin illik orta qiymətinin 10 dollar yüksək olması ümumilikdə Azərbaycanın gəlirlərini təxminən 2,1 milyard dollar artırır".

İqtisadçı vurğulayıb ki, neft gəlirlərindəki artımın iqtisadiyyata həmin il birbaşa təsiri olmur və daha çox növbəti illərdə transfertlərə təsir göstərə bilər:

"Lakin bunun iqtisadiyyata birbaşa təsiri olmur. Çünki həmin vəsait Dövlət Neft Fondunda toplanır. Dövlət büdcəsi ilin əvvəlində təsdiq edilir və Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi də əvvəlcədən müəyyənləşdirilir. Ona görə də ölkəyə daxil olan vəsaitlərin həcminin artması həmin il iqtisadiyyata birbaşa təsir göstərmir. Bu artım daha çox növbəti illərdə dövlət büdcəsi müzakirə edilərkən Neft Fondundan transfertlərin həcminə təsir edir".

Fatimə Nəbiyeva