Afrika Maliyyə Korporasiyası (AFC) Nigeriyada fəaliyyət göstərən “Dangote Petroleum Refinery and Petrochemicals FZE” şirkətinin 2,5 milyard dollarlıq özəl səhm yerləşdirməsinə rəhbərlik edən strateji investorlar qrupunda yer alıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu, şirkətin mövcud səhmdarlarından əlavə yeni investorları cəlb etdiyi ilk səhm kapitalı artımıdır. Özəl yerləşdirməyə böyük maraq göstərilib və tələb təklif olunan məbləği 3,7 dəfə üstələyib. İnvestorlar arasında beynəlxalq və Afrika institusional investorları, inkişaf maliyyə qurumları və strateji tərəfdaşlar olub.

Laqosda 2 500 hektar ərazidə yerləşən Dangote neft emalı və neft-kimya kompleksinin ümumi dəyəri təxminən 20 milyard dollardır. Zavod gündə 650 min barrel xam neft emal etmək gücünə malikdir və benzin, dizel, aviasiya yanacağı, LPG və digər məhsullar istehsal edir.

Şirkət “Vision 2030” strategiyası çərçivəsində zavodun gündəlik istehsal gücünü 2028-ci ilə qədər 1,4 milyon barrelə çatdırmağı planlaşdırır. Yeni investisiyanın əsas məqsədlərindən biri də bu genişlənmənin maliyyələşdirilməsidir.

AFC-nin Dangote Group ilə əməkdaşlığı uzun müddətdir davam edir. Qurum daha əvvəl zavod üçün 3 milyard dollarlıq sindikatlaşdırılmış kreditdə iştirak edib və “Dangote Industries Limited” şirkətinə 300 milyon dollarlıq kredit ayırıb.

AFC prezidenti Samaila Zubairu yeni investisiyanın qurumun Dangote layihəsinə uzunmüddətli inamını göstərdiyini bildirib. Aliko Dangote isə sövdələşmənin səhmdar bazasının gücləndirilməsi və zavodun genişləndirilməsi üçün əlavə kapital təmin edəcəyini qeyd edib.

Dangote zavodunun genişləndirilməsi Nigeriyanın yerli yanacaq istehsalının artırılmasına və ölkənin, eləcə də Afrikanın xaricdən neft məhsulları idxalından asılılığının azaldılmasına kömək edə bilər.

2007-ci ildə yaradılan AFC 48 üzv ölkəyə malikdir və Afrikanın 36 ölkəsində 19 milyard dollardan çox investisiya həyata keçirib.