Bu gün Azərbaycanın Milli Qəhrəmanı, "Aprel" şəhidimiz - mayor Samid İmanovun doğum günüdür!

QHT.az xəbər verir ki, o, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1998-2003-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb və bu məktəbi fərqlənmə ilə bitirərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülüb. O, 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib. Orduda xidmət etdiyi illər ərzində Türkiyə, Pakistan, Rumıniya və İsveçrədə müxtəlif təlim və kurslarda iştirak edib. Mayor Samid İmanov 2016-cı ilin "Aprel" döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Samid İmanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!