QHT.az xəbər verir ki, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva Qarabağın dirçəlişi və Xankəndinin yenidən qurulması prosesini dəyərləndirib.

Xatirə Vəliyeva bildirib ki, Qarabağın ürəyi olan Xankəndi, eləcə də Xocalı, Ağdərə və Xocavənd rayonları bu gün Azərbaycan tarixinin ən qürurlu mərhələsini yaşayır:

Bu torpaqlara qayıdış sadəcə məcburi köçkünlərin evlərinə dönməsi deyil – həm də yeni həyatın, müasir şəhər mühitinin və dövlətin iradəsinin təntənəsi deməkdir. Azərbaycanın Böyük Qayıdış strategiyası artıq real nəticələr verir. Xankəndi bu strategiyanın mərkəzi inkişaf nüvəsinə çevrilib. Burada inşa olunan Konqres Mərkəzi, Biznes Mərkəzi, Qarabağ Universiteti, məktəb və baxçalar, tibb ocaqları və Zəfər Parkı yeni Qarabağın simasını formalaşdırır.
2025-ci ildə istifadəyə verilən Xankəndi Konqres Mərkəzi, şəhərin ictimai-siyasi və mədəni həyatında mühüm yer tutur.Müasir memarlıq üslubunda tikilən bu mərkəz konfrans, forum, beynəlxalq görüşlər və sərgilər üçün bütün texnoloji imkanlarla təchiz olunub.Burada keçirilən tədbirlər Xankəndini regionun siyasi və mədəni dialoq paytaxtına çevirir.Konqres Mərkəzi – Yeni dövrün intellekt və diplomatiya meydanıdır. Xankəndidə açılmış Böyük Biznes Mərkəzi artıq şəhərin iqtisadi canlanmasına təkan verib,burada yerli sahibkarlar, startapçılar və dövlət strukturları bir araya gələrək Qarabağın iqtisadi gələcəyinin əsasını qoyurlar. Biznes Mərkəzinin açılışı təkcə yeni iş yerlərinin yaradılması deyil, həm də Xankəndinin regional iqtisadi mərkəz kimi formalaşmasının bariz nümunəsidir.”

Xatirə Vəliyeva əlavə edib ki, Xankəndinin simasını tamamlayan ən təsirli layihələrdən biri Zəfər Parkıdır. Bu parkda həm şəhidlərimizin xatirəsi, həm də xalqımızın iradəsi əbədiləşdirilir. Parkın mərkəzində ucaldılan Zəfər Tağı 44 metrlik hündürlüyü ilə Azərbaycanın 44 günlük Qələbə yolunu rəmzləndirir:

"Zəfər Parkı – Qələbənin və qürurun simvoludur! Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Qarabağ Universiteti artıq Xankəndinin təhsil və elmi həyatının mərkəzinə çevrilib. Müasir laboratoriyalar, yüksək texnologiyalar, mühəndislik, pedaqogika, iqtisadiyyat, incəsənət və humanitar sahələri birləşdirən fakültələr burada fəaliyyət göstərir”.

Sonda Xatirə Vəliyeva qeyd edib ki, Qarabağ Universiteti, həm məzmunu, həm missiyası baxımından, Böyük Qayıdışın intellektual göstəricisidir. Xankəndi və ətraf ərazilərdə təhsil infrastrukturunun yenilənməsi davam edir. Müasir standartlara cavab verən orta məktəblər, uşaq baxçaları və tədris mərkəzləri bərpa edilir. Yeni nəsil artıq öz torpağında, doğma şəhərində təhsil almaq imkanı qazanır:

"Məktəblərin açılışı yalnız tədris deyil, həm də milli varlığın və mənəvi dəyərlərin yenidən bərpasıdır. Şəhər təmizliyi, abadlıq və kommunal xidmət sahəsində fəaliyyət göstərən xidmət və təmizlik şirkətləri şəhərin gündəlik fəaliyyətini təmin edir,sakinlərə müasir şəhər rahatlığı bəxş edir. Xocalı,Agdərə və Xocavənd – Xankəndinin inkişaf həlqəsidir. Bu ərazilərdə məktəb və kənd infrastrukturu, su-elektrik xətləri, yollar və yaşayış massivləri mərhələli şəkildə bərpa olunur. Xankəndi bu rayonların inkişafı üçün mərkəzi idarəetmə və logistik baza rolunu oynayaır.Nəqliyyat əlaqələri, xidmət sahələri və ictimai obyektlər tədricən bu bölgələrə də inteqrasiya ediləcək. Birlik, quruculuq və qürur – Böyük Qayıdışın ruhudur! Bu gün Xankəndidə və işgaldan azad olmuş torpaqlarda atılan hər bir inşaat addımı, ucaldılan hər bina, açılan hər məktəb millətin birliyinin və dövlətin gücünün təntənəsidir. Azərbaycan xalqı artıq təkcə torpaqlarına deyil, həm də öz gələcəyinə qayıdır. Xankəndi bu qayıdışın simvolu, dirçəlişin mərkəzi və gələcək nəsillər üçün Böyük Qürur Paytaxtı olacaq".

 

Pərvanə Fərhadqızı