Oktyabrın 12-də "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Abşeron rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhidi Əli Ələkbərovun anadan olmasının 40 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
QHT.az xəbər verir ki, Əli Ələkbərov 12 oktyabr 1985-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. Sonra Xırdalan şəhərinə köçmüş və orada yaşamışdır. Bakı şəhər 157 nömrəli tam orta məktəbdə orta təhsilini, Azərbaycan Dövlət İqtisad Universitetində isə ali təhsilini almışdır. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Əli Ələkbərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın və Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Ələkbərov 15 oktyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 1 ay sonra 21 noyabr 2020-ci ildə Xırdalan şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əli Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.






