2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycanın siyasi tarixində mühüm hadisə idi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcını qoydu.
Prezident İlham Əliyev fəaliyyətə başladığı ilk gündən Ulu Öndərin siyasi irsini ardıcıl və məsuliyyətlə davam etdirərək ölkənin qüdrətlənməsi, xalqın rifahının yüksəldilməsi, dövlətçiliyin daha da möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirdi. Qısa müddət ərzində Azərbaycan regionun ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, sosial siyasət gücləndirildi və vətəndaş məmnunluğuna əsaslanan idarəetmə modeli formalaşdı. Daxili təhlükəsizliyin təmin olunması, qanunvericilik sisteminin müasirləşdirilməsi Prezident İlham Əliyevin strateji idarəçilik xəttinin mühüm istiqamətlərini təşkil etdi.
Milli maraqların qorunması, regional təhlükəsizliyin təmin olunması və dövlətin müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. İqtisadi sahədə həyata keçirilən siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin edən başlıca amilə çevrildi.
Dövlət başçımızın həyata keçirdiyi neft strategiyası ölkəmizi dünya enerji xəritəsində strateji mərkəzə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi transmilli enerji layihələri həm iqtisadi, həm də siyasi müstəqilliyin möhkəmlənməsinə mühüm töhfə verdi. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmiz aparıcı mövqedədir.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində ölkənin bütün bölgələrində infrastruktur yeniləndi, yollar, məktəblər, tibb müəssisələri və sosial obyektlər inşa olundu.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri gücləndirildi, ordunun modernləşdirilməsi və hərbi gücün artırılması istiqamətində mühüm addımlar atıldı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın uzaqgörən siyasəti, strateji planlaşdırma bacarığı, Silahlı Qüvvələrin rəşadəti və xalqın birliyi sayəsində tarixi Zəfər qazanıldı. Qarabağ münaqişəsinin həlli Prezident İlham Əliyevin qətiyyətli iradəsi, hərbi komandanlığı və diplomatik məharəti sayəsində təmin olundu, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Prezidentin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” üzrə Dövlət Proqramının icrası ilə bu ərazilərdə irimiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir, keçmiş qaçqın/məcburi köçkünlər öz doğma torpaqlarına geri dönürlər. Prezidentimizin sülh gündəliyi sayəsində sərhəddə de-fakto əldə olunan sülh sayəsində 2024-2025-ci illərdə şəhid vermədik.
Azərbaycanın beynəlxalq nüfuzu Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət nəticəsində əhəmiyyətli dərəcədə yüksəldi. Ölkəmiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Türk Dövlətləri Təşkilatında fəal mövqe nümayiş etdirir. 2025-ci ilin avqust ayında ABŞ-da sülh sazişinin paraflanması regionda dayanıqlı sülhün təmin olunması istiqamətində Prezident İlham Əliyevin memarı olduğu Ədalətli Sülhün razılaşması mühüm tarixi nailiyyət və region üçün əmin-amanlıq və rifah üçün vacib addım oldu.
Bu dövrdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti sosial, humanitar və mədəni sahələrdə əldə olunan uğurların əsasını təşkil etdi. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr təhsilin, səhiyyənin, mədəniyyətin və humanitar diplomatiyanın inkişafına mühüm töhfələr verdi. Mehriban Əliyevanın fəaliyyəti müasir Azərbaycan qadınının intellektual, humanist və milli dəyərlərə sadiq simasını parlaq şəkildə təcəssüm etdirdi.
Beləliklə, son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmlənməsi, milli maraqlara əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Xalqımızın rəhbərinə böyük etimadı var və bu, inam özünü hər zaman doğruldur.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva






