Gəncədə keçirilən IV Əməkdaşlıq Forumu QHT sektorunun qarşısında yeni inkişaf hədəfləri müəyyənləşdirdi

2026-cı il noyabrın 5–6-da Azərbaycanın qədim mədəniyyət və dövlətçilik ənənələrinin beşiyi olan Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin tərəfdaşlığı ilə Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu keçirildi. Ölkənin müxtəlif bölgələrini təmsil edən 400-dən artıq vətəndaş cəmiyyəti nümayəndəsinin iştirak etdiyi bu mötəbər tədbir təkcə təşkilatların bir araya gəlməsi deyil, bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətinin bugünkü vəziyyətinin, inkişaf istiqamətlərinin və gələcək hədəflərinin müzakirəsi baxımından mühüm ictimai hadisə idi.

Forumun yüksək səviyyədə təşkili, iştirakçıların əhatə dairəsi, müzakirə olunan mövzuların aktuallığı və yaradılan səmimi əməkdaşlıq mühiti xüsusi qeyd olunmalıdır. İlk növbədə, belə əhəmiyyətli platformanın təşkilinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və kollektivinə təşəkkürümü bildirirəm.

Bu Forumda iştirakımı mənim üçün əlamətdar edən başqa bir məqam da var. Azərbaycan QHT-lərinin əvvəlki I, II və III Əməkdaşlıq Forumlarına dəvət olunmamışdım. Lakin Gəncədə keçirilən IV Foruma mənim də dəvət edilməyimi, bu dəfə vətəndaş cəmiyyətinin təmsilçiləri sırasında yer almağımı müsbət və təqdirəlayiq addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, QHT sektorunun inkişafı üçün hər bir təşkilatın, hər bir ictimai təşəbbüsün və uzun illər bu sahədə fəaliyyət göstərən insanların təcrübəsinin nəzərə alınması olduqca vacibdir. Əməkdaşlıq məhz qarşılıqlı diqqətdən, etimaddan və ortaq məqsədlər ətrafında birləşməkdən başlayır.

QHT-lər – dövlətlə cəmiyyət arasında etibarlı körpü

Müasir dövrdə vətəndaş cəmiyyətinin inkişafı hər bir dövlətin demokratik, sosial və institusional inkişafının mühüm göstəricilərindən biridir. Qeyri-hökumət təşkilatları cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını ifadə edən, sosial problemləri gündəmə gətirən, ictimai təşəbbüsləri dəstəkləyən və dövlət siyasətinin həyata keçirilməsində öz töhfəsini verən mühüm institutlardır.

QHT-lərin fəaliyyəti yalnız layihələrin icrası, konfransların, seminarların və tədbirlərin təşkili ilə məhdudlaşmamalıdır. Onların əsas missiyası cəmiyyətə real fayda vermək, insanların düşüncəsində müsbət dəyişiklik yaratmaq, ictimai problemlərin həllinə töhfə vermək və dövlətin inkişaf strategiyasına uyğun təşəbbüslər irəli sürməkdir.

Bu baxımdan, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin Forumda səsləndirdiyi fikirlər xüsusi diqqətə layiqdir. Onun QHT nümayəndələrinə ünvanladığı “Bu QHT-lər, bu layihələr, bu işlər olmasa, cəmiyyətdə nə dəyişər?” sualı, əslində, hər bir təşkilatın öz fəaliyyətinə yanaşmasını müəyyənləşdirməli olan mühüm bir çağırışdır.

Tural Əliyevin QHT sektorunda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə, formal fəaliyyətdən real fəaliyyətə keçidin vacibliyini vurğulaması da olduqca aktualdır. Doğrudan da, hər bir QHT həyata keçirdiyi layihədən sonra özünə sual verməlidir: Bu fəaliyyət cəmiyyətə nə verdi? Hansı problemi həll etdi? İnsanların həyatında hansı müsbət dəyişikliyə səbəb oldu?

Mən hesab edirəm ki, QHT-lərin gələcək inkişafı məhz bu yanaşma üzərində qurulmalıdır. Təşkilatların sayı deyil, onların fəaliyyətinin keyfiyyəti, ictimai nüfuzu, peşəkarlığı və əldə etdiyi real nəticələr əsas meyara çevrilməlidir.

Prezidentin köməkçisi Hikmət Hacıyevin müxtəlif platformalarda QHT sektoru ilə bağlı səsləndirdiyi fikirlər də bu yanaşmanın strateji əhəmiyyətini təsdiqləyir. O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən QHT Forumunda vətəndaş cəmiyyətinin mövqeyi olmadan hökumətin dayanıqlı gündəliyini həyata keçirməsinin mümkün olmadığını vurğulamış, QHT-lərin bilik və təcrübəsinin dövlətin inkişaf proqramlarına cəlb edilməsinin əhəmiyyətini qeyd etmişdir.

Hikmət Hacıyevin işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə prosesində QHT-lərin imkanlarından və fəaliyyətindən istifadə olunmasına dair fikirləri də vətəndaş cəmiyyətinin real proseslərdə iştirakının əyani nümunəsidir.

Bu fikirlər bir həqiqəti ortaya qoyur: güclü dövlət yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də fəal, məsuliyyətli, təşəbbüskar və peşəkar vətəndaş cəmiyyətinin iştirakı ilə formalaşır.

QHT-lər öz profilləri üzrə ixtisaslaşmalı və inkişaf etməlidirlər

Forumda diqqət çəkən mühüm məsələlərdən biri də QHT-lərin fəaliyyət istiqamətləri üzrə ixtisaslaşması, öz nizamnamələrinə uyğun fəaliyyət göstərməsi və institusional inkişafıdır.

Hər bir ictimai birliyin özünün təsis məqsədi, nizamnamə vəzifələri, fəaliyyət istiqaməti və hədəf auditoriyası var. Təşkilatlar məhz bu istiqamətlər üzrə bilik və təcrübələrini artırmalı, peşəkar kadr potensialı formalaşdırmalı, fəaliyyətlərini davamlı və sistemli şəkildə qurmalıdırlar.

Mənim fikrimcə, QHT-lərin bütün sahələrdə eyni vaxtda fəaliyyət göstərməyə çalışması əvəzinə, konkret istiqamətlər üzrə ixtisaslaşması daha məqsədəuyğundur. Təhsil, ekologiya, insan hüquqları, sosial müdafiə, gənclər siyasəti, vətənpərvərlik, mədəni irsin qorunması, beynəlxalq əlaqələr və digər sahələrdə çalışan təşkilatlar öz profillərinə uyğun layihələr həyata keçirməli, həmin sahənin peşəkar iştirakçılarına çevrilməlidirlər.

Dövlət tərəfindən elan edilən qrant müsabiqələri də bu inkişafın mühüm vasitəsidir. Lakin qrant maliyyələşməsi yalnız layihənin həyata keçirilməsi kimi qəbul edilməməli, təşkilatın institusional inkişafına, peşəkarlığının artırılmasına və davamlı fəaliyyətinə xidmət etməlidir.

QHT-lər arasında sağlam rəqabətlə yanaşı, əməkdaşlıq və təcrübə mübadiləsi də gücləndirilməlidir. Eyni sahədə çalışan təşkilatların birgə layihələr həyata keçirməsi, ortaq problemlərin həlli üçün təşəbbüslər göstərməsi və bir-birinin təcrübəsindən faydalanması bütövlükdə sektorun inkişafına müsbət təsir göstərə bilər.
Vətənpərvərlik tərbiyəsi – gələcək Zəfərlərin mənəvi təməli

QHT sektorunun fəaliyyətindən danışarkən, xüsusilə bir istiqaməti – vətənpərvərlik tərbiyəsini ayrıca qeyd etmək istəyirəm.

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli birliyin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və gənc nəslin Vətənə sədaqət ruhunda yetişdirilməsi hər birimizin üzərinə düşən mühüm vəzifədir. Bu işdə QHT-lərin, xüsusilə gənclər və maarifçilik istiqamətində çalışan ictimai birliklərin rolu danılmazdır.

Mənim qənaətimə görə, atəşkəs dövründə QHT-lər üçün elan edilən qrant müsabiqələrində vətənpərvərlik, milli-mənəvi dəyərlər, Qarabağ həqiqətlərinin təbliği, tarixi yaddaşın qorunması və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı layihələrə geniş yer ayrılması strateji baxımdan son dərəcə əhəmiyyətli idi.

Bu layihələrin, xüsusilə orta məktəblərdə və ali təhsil müəssisələrində həyata keçirilməsi böyük əhəmiyyət daşıyırdı. Çünki vətənpərvərlik yalnız şüarlarla formalaşmır. O, uşaqlıqdan aşılanan milli düşüncə, tarixi bilik, dövlətə bağlılıq, şəhidlərimizin xatirəsinə ehtiram və Vətən qarşısında məsuliyyət hissi ilə yetişir.

Məktəblərdə, universitetlərdə keçirilən maarifləndirici tədbirlər, vətənpərvərlik mövzusunda görüşlər, tariximizin və qəhrəmanlıq salnaməmizin təbliği, gənclərin müharibə veteranları və şəhid ailələri ilə görüşləri milli ruhun formalaşmasına mühüm təsir göstərirdi.

Mən deyərdim ki, həmin illərdə həyata keçirilən bu istiqamətli maarifləndirmə fəaliyyətlərinin müsbət nəticələrini 44 günlük Vətən müharibəsində də gördük. Əlbəttə, 44 günlük Zəfərimizin əsasını Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və şəhidlərimizin fədakarlığı təşkil edirdi. Bununla yanaşı, illər ərzində formalaşdırılmış vətənpərvərlik ruhunun, milli həmrəyliyin və gənclərdəki Vətən sevgisinin də həmin tarixi qələbədə öz mənəvi payı olduğunu düşünürəm.

Müharibə günlərində xalqımızın nümayiş etdirdiyi birlik, gənclərimizin könüllü olaraq döyüşlərə qatılması, əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq, arxa cəbhədə insanların səfərbərliyi və milli həmrəylik bu tərbiyənin nə qədər vacib olduğunu bir daha sübut etdi.

Deməli, bu gün məktəblərdə və universitetlərdə keçirilən vətənpərvərlik tədbirləri sadəcə bir layihənin icrası kimi qiymətləndirilməməlidir. Bu, sabahın məsuliyyətli vətəndaşının, dövlətinə bağlı gəncin, Vətənini sevən vətəndaşın yetişdirilməsinə qoyulan sərmayədir.

VMGİB və DAVİB – vətənpərvərlik və maarifçilik fəaliyyətinin davamlılığı

Bu məqamda rəhbərlik etdiyim və təsisində iştirak etdiyim ictimai təşkilatların fəaliyyət istiqamətləri barədə də fikirlərimi bölüşmək istərdim.

Təsisçisi olduğum Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi (VMGİB) yarandığı ilk gündən etibarən fəaliyyətini əsasən vətənpərvərlik, milli-mənəvi dəyərlərin təbliği, gənclərin maarifləndirilməsi, tarixi yaddaşın qorunması və gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi istiqamətində qurmuşdur.

Hazırda rəhbəri olduğum Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi (DAVİB) də öz fəaliyyətində məhz bu ənənəyə sadiq qalaraq vətənpərvərlik, milli həmrəylik, Azərbaycan həqiqətlərinin təbliği, dövlətçilik maraqlarının müdafiəsi və maarifləndirmə istiqamətlərini əsas prioritetlər kimi müəyyənləşdirib.

Hər iki təşkilatın fəaliyyətində bir prinsip əsas götürülüb: həyata keçirilən layihə və tədbirlər formal xarakter daşımamalı, cəmiyyətə, xüsusilə gənc nəslə real mənəvi və maarifləndirici töhfə verməlidir.

Bizim üçün vətənpərvərlik sadəcə söz deyil. Vətənə bağlılıq, dövlətə sədaqət, milli dəyərlərə hörmət, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi gündəlik ictimai fəaliyyətimizin əsas mahiyyətidir.

Hesab edirəm ki, QHT-lərin fəaliyyətində məhz bu cür ardıcıllıq və davamlılıq vacibdir. Bir təşkilatın öz nizamnaməsinə, təsis məqsədlərinə və fəaliyyət profilinə sadiq qalması onun ictimai etimadını və nüfuzunu artıran əsas amillərdəndir.

Gəncə Forumu – yeni əməkdaşlıq imkanları və gələcək hədəflər

Gəncədə keçirilən IV Əməkdaşlıq Forumunun əhəmiyyətli tərəflərindən biri də müasir dövrün çağırışlarının müzakirə olunması idi. Sosial media, rəqəmsallaşma, süni intellekt imkanları, milli maraqların müdafiəsi və beynəlxalq əməkdaşlıq kimi mövzular QHT sektorunun gələcək fəaliyyətində yeni yanaşmaların vacibliyini göstərdi.

Bu gün QHT-lər yalnız ənənəvi maarifləndirmə üsulları ilə kifayətlənməməli, müasir texnologiyalardan, sosial şəbəkələrin imkanlarından və rəqəmsal kommunikasiya vasitələrindən daha səmərəli istifadə etməlidirlər. Xüsusilə informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində QHT-lərin üzərinə böyük məsuliyyət düşür.

Forumun Gəncə şəhərində keçirilməsi də xüsusi rəmzi məna daşıyırdı. İştirakçıların Nizami Gəncəvinin məqbərəsini və Gəncə Memorial Kompleksini ziyarət etməsi, 44 günlük Vətən müharibəsi zamanı Gəncəyə edilən raket hücumlarının qurbanlarının xatirəsini yad etməsi tədbirin milli-mənəvi məzmununu daha da gücləndirdi.

Mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyunu, “Sabaha doğru” sənədli filminin təqdimatı və Gəncə Dövlət Simfonik Orkestrinin konsert proqramı isə Forumun yalnız işgüzar müzakirələrdən ibarət olmadığını, sosial məsuliyyət, humanizm, mədəniyyət və milli həmrəylik dəyərlərini də özündə birləşdirdiyini göstərdi.

Mənim qənaətimə görə, bu cür forumların əsas uğuru yalnız iştirakçıların sayında və tədbirin təşkilati səviyyəsində deyil, onun nəticəsində yaranan yeni əməkdaşlıqlarda, irəli sürülən təşəbbüslərdə və sonradan həyata keçiriləcək real layihələrdə ölçülməlidir.

Dövlətin QHT sektoruna göstərdiyi diqqət və dəstək təşkilatların üzərinə daha böyük məsuliyyət qoyur. Bu dəstəkdən səmərəli istifadə etmək, ayrılan vəsaitlərin ictimai faydaya çevrilməsini təmin etmək, şəffaflığı və hesabatlılığı qorumaq hər bir QHT rəhbərinin əsas vəzifələrindən olmalıdır.

İnanıram ki, Gəncədə keçirilən IV Əməkdaşlıq Forumu Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Əvvəlki forumlarda müəyyənləşdirilən hədəflərin davam etdirilməsi, QHT-lərin öz fəaliyyət profilləri üzrə ixtisaslaşması, dövlət və vətəndaş cəmiyyəti arasında dialoqun genişlənməsi, gənclərin maarifləndirilməsi və milli maraqlarımızın müdafiəsi istiqamətində daha böyük uğurlara yol açacaq.

Nəticə etibarilə...

Mən bir daha vurğulamaq istəyirəm ki, güclü vətəndaş cəmiyyəti güclü dövlətin dayaqlarından biridir. QHT-lər dövlətin və cəmiyyətin inkişafında öz məsuliyyətini dərk etməli, şəxsi və təşkilati maraqları ümummilli maraqlardan üstün tutmamalıdırlar.

Hər bir ictimai birlik öz fəaliyyət istiqamətinə uyğun olaraq cəmiyyətə fayda verməyə çalışmalı, vətəndaşların problemlərinin həllində iştirak etməli, maarifləndirmə işini gücləndirməli və milli birliyimizin möhkəmlənməsinə töhfə göstərməlidir.

Gəncədə keçirilən IV Əməkdaşlıq Forumu bir daha göstərdi ki, Azərbaycan QHT sektorunun böyük potensialı, təcrübəsi və imkanları var. Əsas məsələ bu potensialı düzgün istiqamətləndirmək, təşkilatların fəaliyyətini daha səmərəli qurmaq və əməkdaşlığı real nəticələrlə möhkəmləndirməkdir.

Mən də bu Forumda iştirak etməyimi, müxtəlif bölgələri və fərqli fəaliyyət istiqamətlərini təmsil edən QHT nümayəndələri ilə bir araya gəlməyi, fikir və təcrübə mübadiləsi aparmağı yüksək qiymətləndirirəm. Dəvətə və yaradılmış bu imkana görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, xüsusilə Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyevaya və bütün təşkilatçılara təşəkkürümü bildirirəm.

Arzum budur ki, bundan sonrakı forumlar daha geniş iştirakçılıq, daha güclü əməkdaşlıq və daha böyük ictimai nəticələrlə yadda qalsın.

Unutmayaq: Vətəndaş cəmiyyəti nə qədər güclü, təşəbbüskar və məsuliyyətli olarsa, dövlətimizin gələcəyi, milli birliyimiz və müstəqilliyimiz də bir o qədər möhkəm olar!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın milli həmrəyliyimiz və güclü vətəndaş cəmiyyətimiz!
44 günlük müharibədə qazanılan Zəfərin arxasında yalnız cəbhədəki qəhrəmanlıq deyil, illərlə formalaşdırılmış milli ruh, vətənpərvərlik və xalq birliyi də dayanır.
Vətənə xidmət təkcə cəbhədə deyil, xalqın düşüncəsində, gənclərin tərbiyəsində və milli ruhun yaşadılmasında da özünü göstərir!

Nəsimi Qarabağlı 
Novruz oğlu Həsənov

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti,
1-və 2-ci Qarabağ Vətən müharibələrinin iştirakçısı- veteran.