Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsini nümayiş etdirən mühüm hadisədir.
Azərbaycan və Özbəkistanı birləşdirən tarixi, milli və mədəni bağlar bu gün siyasi etimad, iqtisadi əməkdaşlıq və ortaq strateji maraqlarla daha da möhkəmlənir. Səfər çərçivəsində keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın iclası və imzalanan sənədlər bu münasibətlərin konkret layihələr və qarşılıqlı faydalı tərəfdaşlıqla zənginləşdiyini göstərir.
Xüsusilə iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət və investisiyaların artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələr iki ölkənin iqtisadi potensialını birləşdirərək yeni imkanlar yaradır. Azərbaycanın Özbəkistanda həyata keçirdiyi bir sıra layihələrin açılışı və yeni layihələrin təməlinin qoyulması bu əməkdaşlığın artıq real nəticələrə çevrildiyini göstərir.
Bu münasibətlərin mühüm dayaqlarından biri də etimaddır. Prezident İlham Əliyevin ifadə etdiyi “Sözümüz imzamızdır” prinsipi Azərbaycanın tərəfdaşlarına münasibətdə etibarlılığını, verdiyi vədə sadiqliyini və qəbul etdiyi qərarlarda qətiyyətini ifadə edir.
Dövlətlərarası münasibətlərdə dostluq mühümdür, lakin davamlı tərəfdaşlıq üçün etibar, güvən, ardıcıllıq və qətiyyət də vacibdir. Azərbaycanın beynəlxalq münasibətlərdə qazandığı etimadın arxasında məhz bu dəyərlər dayanır.
Əməkdaşlığın təhsil, elm, mədəniyyət və şəhərlərarası əlaqələrə qədər genişlənməsi isə xalqlarımız arasındakı bağların daha da dərinləşməsinə xidmət edir. Eyni zamanda bu münasibətlər Türk dünyasının siyasi və iqtisadi əməkdaşlığının güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Bir Azərbaycan vətəndaşı olaraq ölkəmizin hər yeni uğurunu, qazandığı hər etimadı və yaratdığı hər yeni əməkdaşlıq imkanını ölkəmizin gələcəyinə qoyulan dəyər kimi qəbul edir, belə dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsindən böyük sevinc və qürur duyur, bu uğurlu siyasətə görə ölkə rəhbərinə təşəkkür edirəm.
Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə






