Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib və müsahibəsində onu da qeyd edib ki, “2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək”

"Bu günlərdə ölkə başçısı, cənab Prezident İlham Əliyevin, birinci xanımın və digər rəsmi şəxslərin Özbəkistana səfəri türk dünyası və Azərbaycan üçün çox önəmli hadisədir. Bu səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirmək olar".

Bu fikirləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib.

Z.Nuriyevanın sözlərinə görə, Azərbaycan–Özbəkistan münasibətlərinin əsasında uzun illərə dayanan qardaşlıq və əməkdaşlıq dayanır: Cənab Prezidentin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də Azərbaycanla Özbəkistan arasında qardaşlıq və əməkdaşlığın əsasının illər əvvəl qoyulduğu vurğulanıb. Xüsusilə Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində Özbəkistanın iştirakı iki ölkə arasındakı qardaşlığın və əməkdaşlığın bariz nümunəsidir. Özbəkistanın bu prosesə verdiyi dəstək, xüsusilə Füzulidə məktəb tikintisi, bu qardaşlığın real ifadəsidir.

Zülfiyyə Nuriyeva bildirib ki, vətəndaş cəmiyyətinin fəaliyyətinə dövlət səviyyəsində verilən yüksək qiymət xüsusi əhəmiyyət daşıyır: Digər mühüm məqam isə cənab Prezidentin çıxışlarında vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulamasıdır. Vətəndaş cəmiyyətinin fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi hər bir QHT nümayəndəsi üçün qürurvericidir. Bu, vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında və beynəlxalq əməkdaşlıqda roluna verilən önəmin göstəricisidir.

Sədr vurğulayıb ki, Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək sonradan QHT əməkdaşlığı ilə də davam etdirilib: 2020-ci ildən sonra Özbəkistanın Füzulidə məktəb tikintisi ilə başlatdığı dəstək daha sonra vətəndaş cəmiyyəti əməkdaşlığı ilə də davam etdirildi. Füzulidə Azərbaycan və Özbəkistan QHT-lərinin iştirakı ilə forum keçirildi və Bakıdan, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən yüzdən çox QHT nümayəndəsi tədbirə qatıldı.

Z.Nuriyeva qeyd edib ki, Füzulidə keçirilən forum iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm və qürurverici tədbir olub: Mən həmin forumun iştirakçısı kimi deyə bilərəm ki, tədbir yüksək səviyyədə təşkil olunmuşdu. İki qardaş ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi çox müsbət təəssürat yaratdı. Həmin gün həm Füzulidə aparılan quruculuq işlərini görmək, həm şəhəri yenidən ziyarət etmək, həm də Özbəkistan tərəfindən inşa edilmiş məktəblə tanış olmaq bizim üçün qürurverici idi. Bu məktəb iki ölkə arasındakı qardaşlığın real nümunələrindən biridir.

Zülfiyyə Nuriyevanın sözlərinə görə, vətəndaş cəmiyyətinin fəal iştirakı Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətinə çevrilib: Vətəndaş cəmiyyətinin bu proseslərdə fəal iştirakı Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən birinə çevrildi. Bunun davamı olaraq 2024-cü ildə Daşkənddə ikinci Azərbaycan–Özbəkistan QHT Əməkdaşlıq Forumu keçirildi. Özbəkistan həm dövlətlərarası münasibətlərdə, həm də vətəndaş cəmiyyəti ilə əlaqələrdə əsl qardaşlıq və tərəfdaşlıq nümunəsi nümayiş etdirir.

Sədr bildirib ki, Azərbaycan və Özbəkistan QHT-ləri arasında birgə qrant layihələri yeni əməkdaşlıq imkanları yaradacaq: Bu əməkdaşlığın nəticələrindən biri də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Özbəkistan QHT-ləri ilə birgə qrant müsabiqəsinin elan olunmasıdır. Bu çərçivədə Azərbaycan QHT-lərinin Özbəkistanda, Özbəkistan QHT-lərinin isə Azərbaycanda layihələr həyata keçirməsi nəzərdə tutulur. Bu layihələr QHT-lər arasında yeni əlaqələrin, əməkdaşlıqların və şəbəkələrin formalaşmasına imkan yaradacaq.

Z.Nuriyeva vurğulayıb ki, qarşıdakı illər QHT sektoru üçün yeni imkanlarla yadda qala bilər: İnanıram ki, 2026 və 2027-ci illər QHT sektoru üçün uğurlu illər olacaq. QHT Agentliyinin yeni prioritetləri, istiqamətləri və qrant müsabiqələrinin yeni formaları yeni əməkdaşlıqların yaranmasına geniş imkanlar açır. Bu, həm Azərbaycan və Özbəkistan, həm də ümumilikdə türkdilli dövlətlərin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Zülfiyyə Nuriyeva qeyd edib ki, dövlət başçısının vətəndaş cəmiyyəti ilə bağlı fikirləri bu sahəyə göstərilən xüsusi diqqətin göstəricisidir: Cənab Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan QHT-ləri və vətəndaş cəmiyyəti əməkdaşlığı barədə fikirlər səsləndirməsi dövlət başçısının bu sahəyə xüsusi önəm verdiyini göstərir. QHT Agentliyinin fəaliyyətinin də dövlət başçısı tərəfindən yüksək qiymətləndirilməsi vətəndaş cəmiyyətinin diplomatiyasına və beynəlxalq əməkdaşlığa verilən əhəmiyyətin göstəricisidir.

Sədr bildirib ki, vətəndaş cəmiyyətinə göstərilən dövlət dəstəyi fəaliyyətin daha da gücləndirilməsi üçün mühüm stimul yaradır: Bir vətəndaş cəmiyyəti nümayəndəsi kimi ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Uzun illərdir vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərən biri kimi qeyd etmək istəyirəm ki, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və dəstək fəaliyyətimiz üçün böyük əhəmiyyət daşıyır. Bundan sonra da daha fəal çalışmağa və Azərbaycan adına yeni uğurlara imza atmağa səy göstərəcəyik.

Z.Nuriyeva hesab edir ki, Azərbaycan–Özbəkistan münasibətləri gələcəkdə daha da genişlənəcək: İnanıram ki, Azərbaycan və Özbəkistan arasında qardaşlıq və əməkdaşlıq daim inkişaf edəcək. Bu münasibətlər yalnız dövlətlərarası əlaqələri deyil, xalqlar və vətəndaş cəmiyyətləri arasındakı münasibətləri də daha da gücləndirəcək. Qarşıdakı dövrdə mədəni, sosial, iqtisadi və digər sahələrdə çoxsaylı uğurlu layihələrin həyata keçiriləcəyinə və iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə inanıram.

Zəhra Mansırova