Azərbaycanın “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi (CWMW) ilə Özbəkistanın “ISTIQBOLLI AVLOD” təşkilatının Sırdərya vilayət şöbəsi arasında əməkdaşlıq və tərəfdaşlıq memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, memorandum iki ölkənin vətəndaş cəmiyyəti təşkilatları arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsini, birgə təşəbbüs, proqram və layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Memorandum Azərbaycan tərəfdən “Women and Modern World Social Charitable Center (CWMW)” – “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzinin təsisçisi və rəhbəri Südabə Şirəliyeva, Özbəkistan tərəfdən isə “ISTIQBOLLI AVLOD” Sırdərya vilayət şöbəsinin direktoru Fazliddin Turakulov tərəfindən imzalanıb.

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi 2 iyul 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və 2008-ci ildən BMT-nin İqtisadi və Sosial Şurası – ECOSOC yanında məsləhətçi statusuna malikdir.

Memorandumun əsas məqsədi Azərbaycan və Özbəkistanda, eləcə də beynəlxalq səviyyədə birgə təşəbbüslərin həyata keçirilməsi və vətəndaş cəmiyyəti təşkilatları arasında davamlı tərəfdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən, tərəflər xüsusilə qadınların iqtisadi imkanlarının genişləndirilməsi və sosial-iqtisadi müstəqilliyinin dəstəklənməsi, qadınların, uşaqların və digər həssas qrupların hüquqlarının müdafiəsi, gender zorakılığının və ayrı-seçkiliyin qarşısının alınması, qadınların qərar qəbuletmə proseslərində iştirakının artırılması istiqamətlərində əməkdaşlıq edəcəklər.

Əməkdaşlığın digər istiqamətlərinə HİV/QİÇS, sosial müdafiə və ekoloji dayanıqlılıq məsələləri üzrə maarifləndirmə, vətəndaş cəmiyyəti təşkilatlarının institusional və təşkilati potensialının gücləndirilməsi daxildir.

Tərəflər həmçinin birgə tədqiqatların, konfransların, forumların, seminarların, təlimlərin və maarifləndirici proqramların keçirilməsini, milli, regional və beynəlxalq layihələrin hazırlanması və həyata keçirilməsini, qabaqcıl təcrübə, metodik materiallar, informasiya resursları və ekspert biliklərinin mübadiləsini nəzərdə tuturlar.

Memorandum çərçivəsində Azərbaycan və Özbəkistan təşkilatlarının beynəlxalq təşkilatlar, BMT agentlikləri, donor və tərəfdaş qurumlarla əməkdaşlığının inkişaf etdirilməsinə də xüsusi diqqət yetiriləcək.

Tərəflər konkret layihə və proqramlar hazırlamaq, beynəlxalq donorların qrant müsabiqələrində birgə iştirak etmək, mütəxəssislər və ekspertlər arasında peşəkar əlaqələri inkişaf etdirmək, həmçinin keçirilən tədbirlərə qarşılıqlı informasiya dəstəyi göstərmək niyyətindədirlər.

Beş il müddətinə imzalanan Memorandum tərəflərin əməkdaşlıq niyyətlərini əks etdirir və hüquqi baxımdan məcburi müqavilə hesab olunmur. Konkret layihələrin maliyyələşdirilməsi isə ayrıca razılaşmalar və layihə sənədləri əsasında müəyyən ediləcək.

Tərəflər hesab edirlər ki, bu əməkdaşlıq Azərbaycan və Özbəkistanın vətəndaş cəmiyyəti təşkilatları arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, qadınların və gənclərin imkanlarının artırılmasına, insan hüquqlarının müdafiəsinə və ümumi sosial problemlərin həlli istiqamətində birgə təşəbbüslərin inkişafına töhfə verə bilər.