Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib və müsahibəsində onu da qeyd edib ki, “2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək”

“Azərbaycan-Özbəkistan münasibətlərinin indiki mərhələdə yüksək zirvəyə qalxması gözlənilən və məntiqi nəticədir”.

Bunu Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni QHT.az-a açıqlamasında deyib.

R.Zeyni bildirib ki, illər əvvəl türk dövlətləri arasında münasibətlərin daha da yaxınlaşacağı və bu ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sıx əməkdaşlıq edəcəyi ilə bağlı fikirlər səsləndirilib:

“İndi çox şükür olsun ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq müstəvisində yüksək zirvəyə qalxıb. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bundan böyük məmnunluq duyurlar”.

Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətlərinə yalnız iki qardaş xalqın əlaqələri kimi yanaşmaq kifayət deyil. Bu münasibətlər Türk dünyası və bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.

R.Zeyni qeyd edib ki, iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi də bu prosesin mühüm istiqamətlərindəndir:

“Azərbaycan-Özbəkistan QHT-lərinin iki əməkdaşlıq forumunun keçirilməsi, qarşılıqlı layihələrin elan olunması və birgə layihələr müsabiqəsinin təşkil edilməsi mühüm addımlardır. Bu layihələrin həm Azərbaycanda, həm də Özbəkistanda həyata keçirilməsi vətəndaş cəmiyyətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”.

QHT sədrinin sözlərinə görə, Özbəkistanda Prezident Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra vətəndaş cəmiyyəti və beynəlxalq əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunub.

“Son üç-dörd ildə Özbəkistanın qeyri-hökumət təşkilatları beynəlxalq platformalarda daha fəal iştirak edir və mühüm mövqe tuturlar. Ölkədə QHT-lərin fəaliyyətinə yüksək səviyyədə şərait yaradılır. QHT Evinin yaradılması, təşkilatların avadanlıqla təmin olunması və onların fəaliyyətinə dövlət tərəfindən dəstək göstərilməsi bu istiqamətdə görülən işlərin nümunəsidir”, – deyə o vurğulayıb.

R.Zeyni hesab edir ki, Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı münasibətləri və imzalanan tarixi sənədlər iki ölkənin əlaqələrinin strateji mahiyyətini nümayiş etdirir:

“Azərbaycan-Özbəkistan münasibətlərinə sadəcə iki dövlət və iki xalq arasındakı əlaqələr kimi baxmaq olmaz. Bu strateji münasibətlər həm Mərkəzi Asiya ölkələrinin, həm Türk Dövlətləri Təşkilatının, həm də Cənubi Qafqaz regionunun inkişafına əhəmiyyətli təsir göstərəcək”.

O əlavə edib ki, Azərbaycan və Özbəkistan vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq yalnız forum və ayrı-ayrı layihələrlə məhdudlaşmamalıdır:

“İl ərzində Özbəkistanda fəaliyyət göstərən QHT-lərlə Azərbaycan QHT-ləri arasında sıx əməkdaşlıq qurulmalıdır. Məqsəd vətəndaş cəmiyyətlərinin daha sıx və qarşılıqlı faydalı əməkdaşlığını təmin etməkdir”.

R.Zeyni sonda hər iki xalqa sülh, sabitlik və inkişaf arzulayıb:

“Azərbaycan xalqına mənəviyyatı, mədəniyyəti və tarixi ilə çox yaxın olan özbək xalqına böyük uğurlar və inkişaf arzulayıram”.