Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib və müsahibəsində onu da qeyd edib ki, “2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək”.
Mövzu ilə bağlı "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlama verib.
İ.Hüseynlinin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində vətəndaş cəmiyyəti institutları mühüm tərəfdaş və ciddi ictimai institut kimi qəbul olunur:
"Dünyanın inkişaf etmiş ölkələrində vətəndaş cəmiyyəti institutları mühüm tərəfdaş və ciddi ictimai institut kimi qəbul olunur. Bu baxımdan, son illər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilən tədbirləri uğurlu addımlar kimi qiymətləndirmək olar. Türkdilli dövlətlərin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi və müxtəlif forumların keçirilməsi də bu istiqamətdə mühüm hadisələrdəndir".
İlqar Hüseynli bildirib ki, Özbəkistan, Qazaxıstan və Türkiyənin vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq forumlarının, eləcə də birgə qrant müsabiqələrinin keçirilməsi əlaqələrin inkişafına xidmət edir:
"Özbəkistan, Qazaxıstan və Türkiyənin vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq forumlarının, eləcə də birgə qrant müsabiqələrinin keçirilməsi iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əlaqələrin inkişafına xidmət edir. Bu təşəbbüslər, eyni zamanda, Türk dünyasının birliyinin möhkəmləndirilməsi və QHT diplomatiyasının praktik müstəvidə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir".
Sədr vurğulayıb ki, bu istiqamətdə əldə olunan nəticələrin Prezident səviyyəsində də vurğulanması dövlət rəhbərliyinin diqqətini göstərir:
"Təsadüfi deyil ki, bu istiqamətdə əldə olunan nəticələr ölkə Prezidenti səviyyəsində Özbəkistan Prezidenti ilə keçirilən görüşdə də vurğulanıb. Bu, dövlət rəhbərliyinin və ölkənin ictimai-siyasi proseslərində məsul şəxslərin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa göstərdiyi diqqətin və dəstəyin göstəricisidir".
İ.Hüseynlinin sözlərinə görə, QHT diplomatiyasının uğurlarının daha da inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi vacibdir:
"Bu baxımdan, QHT diplomatiyasının uğurlarının daha da inkişaf etdirilməsi və bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Gələcəkdə Azərbaycanın yalnız türkdilli dövlətlərin deyil, Avropa İttifaqına üzv ölkələrin vətəndaş cəmiyyəti institutları ilə də əməkdaşlığının gücləndirilməsi məqsədəuyğun olardı. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycan QHT-lərinin mövqelərinin daha da gücləndirilməsi bu baxımdan mühüm addım və əhəmiyyətli mesaj ola bilər".
İlqar Hüseynli bildirib ki, Prezidentin səsləndirdiyi fikirlər QHT diplomatiyasının Azərbaycanın avrointeqrasiya istiqamətində də gücləndirilməsi baxımından mühüm mesajdır:
"Prezident tərəfindən səsləndirilən fikirlər QHT diplomatiyasının rolunun yalnız türkdilli dövlətlər çərçivəsində deyil, Azərbaycanın avrointeqrasiya istiqamətində də gücləndirilməsi baxımından ciddi mesaj kimi qiymətləndirilə bilər. Azərbaycan QHT-lərinin bu istiqamətdə fəaliyyətini davam etdirəcəklərinə və beynəlxalq vətəndaş cəmiyyəti platformalarında ölkəmizin mövqelərinin daha fəal şəkildə təmsil olunmasına töhfə verəcəklərinə inanmaq olar".
Sədr qeyd edib ki, QHT Agentliyinin son illərdəki siyasəti beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Bu baxımdan, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin son illərdə həyata keçirdiyi siyasət və təşəbbüslər vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan mühüm addımların göstəricisi kimi qiymətləndirilməlidir".
Fatimə Nəbiyeva












