26 noyabr – Azərbaycan Kəlağayısı Günü münasibətilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “100 gün – 100 təşəbbüs” aksiyası çərçivəsində könüllülərin İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən kəlağayı emalatxanasına səfəri təşkil olunub.

QHT.az xəbər verir ki, səfər çərçivəsində gənclər ipək istehsalının mərhələləri, kəlağayının hazırlanma prosesi və bu qədim sənətin incəlikləri ilə yaxından tanış olub, emalatxananın ustaları tərəfindən kəlağayının müxtəlif naxışlama texnikaları barədə məlumatlandırılıblar. Daha sonra gənclər yaradıcı prosesdə iştirak edərək kəlağayıların üzərinə naxış vurub və milli ornamentlərlə bəzədilmiş özəl kəlağayı nümunələri hazırlayıblar.

Qeyd edək ki, tədbir milli mədəni irsin qorunması, gənclərdə ənənəvi sənətkarlığa marağın artırılması, kəlağayının Azərbaycan kimliyinin mühüm simvolu kimi təbliği, həmçinin əsrlər boyu formalaşmış sənətkarlıq irsinin gələcək nəsillərə ötürülməsi və gənclərin mədəniyyətyönümlü sosial təşəbbüslərdə fəal iştirakının təşviqi məqsədi daşıyır.