"Fiziki imkanları məhdud şəxslərin əmək bazarına çıxışı sahəsində böyük irəliləyişlər əldə olunub" - Elşad Məmmədov
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında ölkəmizdə əmək hüquqlarının qorunması və fiziki imkanları məhdud şəxslərin əmək bazarına çıxış imkanları barədə fikirlərini bölüşüb.
Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda fiziki imkanları məhdud şəxslərin əmək bazarında aktiv iştirakının təmin olunması istiqamətində mühüm işlər görülür. Professorun sözlərinə görə, əmək bazarında inklüzivliyin artırılması sosial həssas qrupların rifahı və dövlətin prioritet siyasət istiqamətləri baxımından xüsusi əhəmiyyət daşıyır:
"Dünyada da bu istiqamətdə kifayət qədər böyük işlər görülür və o dövlətlər ki, onların ərazisində inklüzivliyin təminatı baxımından müsbət nəticələr əldə olunub, həmin ölkələr beynəlxalq göstəricilərdə də yüksək yerlərdə qərarlaşır. Ən əsası isə ondan ibarətdir ki, əhalinin sosial baxımdan həssas kateqoriyalarının maksimum şəkildə əmək bazarına çıxış imkanlarının təmin olunması və eyni zamanda onların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet istiqamətlərindəndir. Düzdür, bu sahədə, yəni fiziki imkanları məhdud insanların əmək bazarına universal çıxışı ilə bağlı görüləcək işlər də var. Müvafiq infrastrukturun təminatı və sosial dəstəyin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi vacibdir. Amma etiraf etmək lazımdır ki, son yeddi-səkkiz il ərzində bu istiqamətdə kifayət qədər böyük işlər görülmüşdür – həm infrastruktur təminatı, həm də sosial dəstək mexanizmlərinin genişləndirilməsi baxımından".
Əmək münasibətlərinin tənzimlənməsi və əmək hüquqlarının qorunması sahəsində də irəliləyişlərin olduğunu deyən Elşad Məmmədov əlavə edib: "Zənnimcə, 2018-ci ildən bəri mütərəqqi yanaşmaların tətbiqi nəticəsində ölkəmizdə əmək bazarında əhəmiyyətli müsbət nəticələr əldə olunub."
Pərvanə Fərhadqızı