"Afrika–Azərbaycan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur" - Cəsarət Hüseynzadə
Bu gün keçirilən “Afrika Azərbaycan Təhsilatının Afrika Bazarına Çıxış İmkanları” görüşündə 2022-ci ildə təsis edilmiş Afrika–Azerbaijan Cooperation təşkilatının fəaliyyəti və məqsədləri müzakirə edildi.
QHT.az xəbər verir ki, görüşdə çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az platformasının rəhbəri Cəsarət Hüseynzadə bu strateji platformada iştirakından məmnunluqla danışıb və əlaqələrin təkcə iqtisadi deyil, eyni zamanda sosial, humanitar və ictimai əməkdaşlıq kontekstində də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. QHT sədri bildirib ki, Azərbaycan QHT-ləri uzun illərdir vətəndaş cəmiyyətinin gücləndirilməsi, ictimai iştirakçılıq və beynəlxalq tərəfdaşlıqlar sahəsində mühüm fəaliyyət göstərir:
“QHT-lər təkcə layihə icraçıları deyil, həm də ölkələrarası ictimai diplomatiyanın daşıyıcılarıdır,” – deyə o qeyd edib. Görüş çərçivəsində Afrika ölkələrinin QHT-ləri ilə birbaşa əməkdaşlıq platformalarının yaradılması təklif olunub. Afrika bazarının geniş imkanları var. Qitənin təbii sərvətləri, artan istehlak bazarı və inkişaf edən iqtisadiyyatları Azərbaycan sahibkarları üçün real imkanlar yaradır. Eyni zamanda, Afrika ölkələrinin Azərbaycan təcrübəsinə – xüsusilə “ASAN xidmət” və ali təhsil imkanlarına marağı artır. Hazırda 35 Afrika ölkəsindən 365 tələbə Azərbaycanda təhsil alır".
Cəsarət Hüseynzadə çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Afrika ilə əlaqələrinin gücləndiyi, Fransanın neokolonial siyasətinə qarşı sərgilənən qətiyyətli mövqeyini qeyd edib:
"Bakı bu baxımdan kolonializmə qarşı qlobal həmrəyliyin əsas mərkəzlərindən birinə çevrilib. AİDA, Heydər Əliyev Fondu və digər qurumlar vasitəsilə Afrika ölkələrinə real yardım göstərilir. Uqandada yaradılmış “ASAN xidmət” modeli əsasında 6 dövlət xidmətləri mərkəzi bu əməkdaşlığın parlaq nümunəsidir.
Təkliflərim:
• QHT-lər arasında birbaşa əməkdaşlıq platformalarının yaradılması;
• Ticarət və sosial layihələr üzrə birgə işçi qruplarının formalaşdırılması;
• Maarifləndirici seminarların və onlayn forumların təşkili;
• Media vasitəsilə əməkdaşlığın daha geniş işıqlandırılması.
Bu əməkdaşlığın davamlılığı üçün hər bir iştirakçı qurum və şəxs aktiv rola malikdir və Afrika–Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur".