“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə start verilib - FOTOLAR
Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə start verilib.
QHT.az xəbər verir ki, Gəncə şəhərində keçirilən təlimdə əvvəlcə gənclər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, öz dərin hörmət və ehtiramlarını nümayiş etdiriblər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Ayişə Osmanlı iştirakçıları salamlayaraq bu təşəbbüsün fövqəladə situasiyalarda düzgün və vaxtında reaksiya vermə bacarığı aşılayacağını qeyd ediblər. Daha sonra “İlk Yardım”, “Nəqliyyat hadisələri zamanı İlk Yardım” və “İlkin psixoloji yardımın göstərilməsi və Fövqəladə hallar zamanı davranış qaydaları” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları İlqar Abbasov və Sona Məmmədova tərəfindən fövqəladə hallar zamanı ilkin psixoloji yardım, təşvişin növləri, travmatik stres və stressin mənfi nəticələri, ekstremal şəraitdə psixoloji xidmətin təşkili mövzularında “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə məlumat verilib.
Lənkəran şəhərində keçirilən digər təlimdə Fövqəladə Hallar Cənub regional mərkəzinin rəis müavini Araz Hüseynov və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Davud Abbasov çıxış edərək, layihənin gənclər arasında fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəlməsində mühüm rol oynayacağını bildiriblər. Ardınca “İlk Yardım”, “Nəqliyyat hadisələri zamanı İlk Yardım” və “İlkin psixoloji yardımın göstərilməsi və Fövqəladə hallar zamanı davranış qaydaları” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Brilyant Abdullayeva və Dilbər Əlixanova tərəfindən fövqəladə hallar zamanı ilkin psixoloji yardım, ünsiyyət və onun formaları, münaqişəsiz, effektiv ünsiyyət üsulları və zərərçəkmişlərlə ünsiyyət və başqa mövzularda İctimai Birliyin könüllüləri məlumatlandırılıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi fövqəladə vəziyyətlərdə və insan həyatı üçün təhlükə yaradan hallarda əhaliyə ilkin yardımın göstərilməsini öyrətmək və bu yolla vaxtında yardımın göstərilməməsi nəticəsində baş verən ölüm hallarının azaldılmasına dəstək göstərməkdir.