Xəbərlər 18.04.2025 08:52 94

Teymur Mirzəbəyli: “Hemofiliyalı xəstələrin müalicəsi yüksək dövlət qayğısı ilə təmin edilir”

17 Aprel – Dünya Hemofiliya Günü münasibətilə keçirilən tədbirdə çıxış edən TƏBİB-in Təlim və Tədqiqatlar Departamentinin rəhbəri Teymur Mirzəbəyli Azərbaycanda hemofiliya xəstələrinin dövlətin xüsusi diqqəti və qayğısı ilə əhatə olunduğunu bildirib.

O qeyd edib ki, ötən ilin hesabat dövrünə əsasən ölkə üzrə 1744 nəfər hemofiliya xəstəsi qeydiyyatdadır və onların hər biri müvafiq tibbi xidmət və dərman preparatları ilə təmin olunur: “Onlardan 40 nəfəri ümumi tibbi xəstədir, 8 nəfəri isə çox yüksək dəyəri olan xüsusi preparatla təmin olunub. Bu preparatın 1 flakonu ABŞ-da təxminən 19 min dollar dəyərindədir və bir müalicə 40 min dollara başa gəlir. Əvvəllər bu dərmana əlçatanlıq çox çətin idi, lakin ölkə rəhbərliyinin qayğısı nəticəsində bu gün həmin dərman xəstələrə təyin olunur.”

Teymur Mirzəbəyli həmçinin vurğulayıb ki, erkən diaqnostika imkanlarının artırılması məqsədilə laborator xidmətlər təkmilləşdirilib, rəqəmsallaşdırılıb: “Hazırda smartfonlar vasitəsilə belə diaqnoz nəticələrinə çıxış mümkündür. Bu xəstəlik həkimlər üçün çətin hesab olunur və bəzən gec diaqnoz qoyulur. Əhalinin sayı 10 milyon 200 minə yaxın olduğundan, bu xəstəliyin aşkarlanması və nəzarətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır.”

Sonda o, bu cür sosial tədbirlərin cəmiyyətdə fərqindəliyin artırılması, erkən aşkarlama və müalicənin təmin olunması baxımından çox önəmli rol oynadığını qeyd edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı