Şəhid polkovnik Emil Nəzirovun doğum günüdür
Sərhəd Qoşunları polkovniki, Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya işləri üzrə müavini olan Emil Nəzirov 1969-cu il fevralın 4-də Lənkəran rayonunun Veravul kəndində anadan olub.
QHT.az xəbər verir ki, 1987-1990-cı illərdə Leninqrad vilayətindəki Lomonosov adına hərbi aviasiya mühəndisləri məktəbində təhsil alıb. 1992-ci ilin əvvəllərindən könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılıb və Qala qəsəbəsindəki "N" hərbi hissədə Mi-24 helikopterində bort-texnik atıcı qismində xidmətə başlayıb. Birinci və İkinci Qarabağ müharibələrinin fəal iştirakçısı olan Emil Nəzirov 2021-ci il iyul ayının 24-də Dövlət Sərhəd Xidmətində yaranan Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya İşləri üzrə müavini və Mühəndis Aviasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub və avqust ayının 30-da "polkovnik" rütbəsinə yüksəlib. Xidməti dövründə 4 müxtəlif (Mi-24, Ka-27, Mi-8 və Mi-17) modifikasiyalı helikopterlərdə uçuş icazəsinə və müxtəlif sertifikatlara yiyələnib. Emil Nəzirov 30 noyabr 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub.
Ruhu şad olsun!