Xəbərlər 08.05.2025 11:04 100

Ermənilərin “Uzundərə” YALANI - VİDEOLAR

Ermənistanın Azərbaycanla bağlı iddiaları həm ərazi, həm də mədəniyyət üzərində qurulub. Bu səbəbdən də, onlar xalqımıza aid olan bir çox mədəni nümunələri (rəqslər, musiqilər, kulinariya, geyimlər) öz adlarına çıxarmağa çalışırlar. Bu, təkcə sadə mənimsəmə aktı deyil, həm də strateji bir siyasətdir: bölgədə qədimlik iddiasını süni şəkildə sübut etməyə çalışmaq.

Bununla onlar Cənubi Qafqazda qədim xalq obrazı yaratmaq, tarixi torpaq və mədəniyyət iddialarını saxta faktlarla əsaslandırmaq məqsədi güdürlər.

Ermənilər uzun illərdi ki, XIX əsrin sonlarından Azərbaycanın mədəni xəzinəsinin ən gözəl incilərindən sayılan “Uzundərə” xalq rəqsinə də sahiblənməyə çalışır və onu dünya ictimaiyyətinə “erməni rəqsi” kimi təqdim edirlər.

Onlar bu rəqsi müxtəlif xarici festival və mədəniyyət tədbirlərində, öz toylarında “erməni xalq rəqsi” kimi ifa edirlər.

Ermənilər rəqsin bəzi elementlərini dəyişərək (məsələn, rəqqasların geyimini dəyişmək, rəqsin formasına kiçik əlavələr etmək və ya hərəkətləri bir qədər fərqləndirmək) onu öz rəqs ansambllarının repertuarına daxil ediblər. Beləliklə, rəqs orijinal formasından uzaqlaşdırılaraq “erməniləşdirilmiş” olur və bu yolla beynəlxalq ictimaiyyət çaşdırılır.

Bu açıq-aşkar plagiatın bir göstəricisidir. Onlar rəqsdəki Azərbaycan izlərini itirməyə çalışsalar da, buna tam nail ola bilməyiblər.

Xaricdəki erməni diasporu da bu saxtakarlığı yaymaq üçün aktiv fəaliyyət göstərir. Dünya ölkələrində keçirilən mədəniyyət festivallarında, diaspor tərəfindən maliyyələşdirilən sənədli filmlərdə və xaricdə çap olunan broşürlərdə “Uzundərə” rəqsi “erməni irsi” adı altında təqdim olunur. Bu, uzunmüddətli və sistemli şəkildə aparılır.

Əslən Qarabağdan olan rəqs müəllimi Firəngiz Muxtarova deyir ki, “Uzundərə” rəqsinin mənimsənilməsi bir xalqın mədəniyyətinə qarşı açıq hücumdur. Bu cür plagiat aktları nəinki Azərbaycan xalqının hüquqlarını pozur, həm də ümumilikdə dünya mədəniyyətinə qarşı hörmətsizlikdir.

Ermənistanda bu rəqsin heç bir tarixi inkişaf yolu və sənədləşmiş mənbəsi yoxdur. Erməni etnoqrafları E.Lalayan, S.Lisitsiyan ötən əsrdə yazıdıqları əsərlərində “Uzundərə”yə saxta iddialar ortaya qoyublar.

Maraqlıdır ki, bəzi erməni mənbələrində “Uzundərə” Qarabağ bölgəsində yaranmış mədəniyyət nümunəsi kimi qeyd edilir, hətta onun adının da türk mənşəli sözdən ibarət olduğu gizlədilmir, amma ermənilər tərəfindən yaradıldığı vurğulanır. Çünki Ermənistan bu bölgəni tarixi “erməni torpağı” kimi təqdim etməyə çalışır və bölgənin mədəni irsini öz adına çıxarır. Bu isə bir daha erməni saxtakarlığı və həyasızlığının sərhəd tanımadığını sübut edir.

Erməni tərəfi “Uzundərə” rəqsini bəzən başqa adla, bəzən də heç adını dəyişmədən “erməni xalq rəqsi” kimi təqdim edir. Onların bu iddiası əsasən aşağıdakı arqumentə söykənir:

Ermənilər bəzi musiqi və rəqsləri “region xalqları arasında yayılmış ortaq dəyərlər” adlandıraraq, açıq şəkildə mənimsəməyə haqq qazandırmağa çalışırlar. “Uzundərə”ni də bu qəbildən olan rəqs hesab edirlər.

400“Uzundərə” rəqsinin gerçək tarixi haqqında müxtəlif rəvayətlər var. Ağdamla Göytəpə kəndi arasında “Uzundərə” adlanan bir yer var. Rəvayətə görə, qədimdə ya dağlıq, ya da aran Qarabağa gəlin aparanda həmin dərədən keçər və burda bir qədər dincələrmişlər. Kişilər, qadınlar, gəlinlər vaxtlarını boş keçirməmək üçün musiqinin müşayiəti ilə oynayarmışlar. Həmin rəqslərdən birinin - ən məşhurunu o yerin adı ilə “Uzundərə” adlandırıblar. 

Milli rəqslərimizi araşdırmış Firəngiz Muxtarova deyir ki, “Uzundərə” adını həm melodiyasının uzanaraq axıcı şəkildə ifa olunmasından, həm də rəqsin sərbəst hərəkətlərindən alır. Ənənəvi olaraq bu rəqs azərbaycanlıların toyları, el şənlikləri zamanı ifa olunur.

“Rəqsin əsas xüsusiyyəti odur ki, qadın və kişi ifaçıların hərəkətləri bir-birini tamamlayır, incəlik və ritm arasında ahəng qurulur. Uzundərə həm ahəngi, həm musiqi ritmi, həm də geyim və hərəkət formaları baxımından Azərbaycanın digər rəqsləri ilə uyğunluq təşkil edir.

“Uzundərə” rəqsinin musiqisi muğam və təsnif strukturlarına yaxın olan melodiyalardan ibarətdir. Bu cür musiqi quruluşu sırf Azərbaycan mədəniyyətinə aiddir. Ermənilərin klassik musiqisi bu struktura heç cür uyğun gəlmir”.

Ənənəvi toy rəqsi olan “Uzundərə” adətən qızlar, gəlinlər, bəzən isə yaşlılar tərəfindən ifa edilir. Rəqs olduqca cazibəli, aram, incə, lirik melodiya üzərində qurulub. Zərif və emosional kompozisiyalı “Uzundərə” üçün adi gəziş, yana gəziş, süzmə və s. hərəkətlər xarakterikdir. Bu rəqs qadın ifası üçün daha səciyyəvi, daha uyğun və münasib olduğundan onu gəlin gətirilən vaxt qadınlar ifa edirlər. Bəzi yerlərdə bu rəqsi kişilər, bəzən də qadınla kişi oynayır. 

Dahi bəstəkar Üzeyir Hacıbəyli hələ 1910-cu ildə yazdığı “O olmasın, bu olsun” operettasında bu xalq rəqsinin melodiyasından Məşədi İbadın mahnısında istifadə edib. Həmin komediya əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmdə gəlinin gətirilməsi səhnəsində məhz “Uzundərə” səsləndirilir.

Üzeyir Hacıbəylinin əsərlərindən “bəhrələn” erməni bəstəkar Aram Xaçaturyan isə 1942-ci ildə yazdığı “Qayane” baletində onu təkrarlayaraq, “Uzundərə”dən istifadə edib.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi digər folklor nümunələrimiz kimi, “Uzundərə” rəqsinin də ermənilər tərəfindən mənimsənildiyini dəfələrlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına rəsmi etiraz məktubları ilə bildirib.

Agentliyin bununla bağlı şərhində qeyd edilib: “Vaxtıilə ermənilər qədim Azərbaycan nəğmələrini toplayaraq arxivləşdirmiş və sonradan onları öz dillərinə çevirərək, erməni nümunələri kimi nəşr etdirmişlər. Üstəlik çoxlu Azərbaycan musiqi folklor nümunələri not şəklində dərc edilmişdir. Bu sıraya daxil olan “Uzundərə” Azərbaycan rəqsi də XIX əsrin axırlarında belə “üsulla” dərc edilərək, bir neçə ildən sonra erməni rəqsi kimi təqdim olunmağa başlanmışdır. Erməni tədqiqatçısı R. Boyaçyanın topladığı və A. Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşrini buna misal göstərmək olar. Kitabdakı nəğmələrin böyük bir hissəsini orijinalda verilmiş Azərbaycan xalq  mahnıları təşkil edir”. 

Görünür XIX əsrin məşhur  erməni  xadimlərindən olan M. Nalbandyan təsadüfən yazmırdı ki, “erməni ... melodiya və havalarının çoxu türklərdən [azərbaycanlılardan] götürülmüşdür” (“Qədim şeirlər və mahnılar  haqqında”, Əsərlərin tam külliyyatı, c. 1).

“Uzundərə” rəqsi Azərbaycan xalqının mədəni mirasıdır, onun qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi hər birimizin borcudur. Mədəniyyətimizə sahib çıxmaq, saxtakarlığı ifşa etmək tarix qarşısında da, gələcək nəsillər qarşısında da böyük məsuliyyətdir.

 

 

 

A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı