Ərkivandakı “Şəhidlər bulağı” abidə-kompleksi əsaslı təmir edilir - MASALLIDA
Ərkivandakı “Şəhidlər bulağı” abidə-kompleksi əsaslı təmir edilir - MASALLIDA
Yüzlərlə şəhidin pıçıltısısan,
Bu ruhlar göylərdə alışan çıraq.
Nə qədər biz varıq, yaşayacaqsan,
Sənə layla çalır üçrəngli bayraq;
Dünya da eşidər bir xoş sorağı,
Şəhid bulağı!
(Gülağa Tənha)
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid Vətən övladlarının xatirəsinin əbədiləşdirlməsi, şəhid ailələrinin sosial məsələlərinin həlli dövlət siyasətimizin əsas prioritetlərindəndir.
Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu istiqamətdə hər zaman mühüm addımlar atılır. Heydər Əliyev Fondunun rəhbəri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə dəstəyi, rolu böyükdür.
Bu kimi nəcib təşəbbüsə, xeyriyyə aksiyalarına qoşulan soydaşlarımız da az deyil.
Belə xoş niyyətli insanlardan biri də, nəinki doğulub boya-başa çatdığı Masallıda, ölkəmizdə də uzun illərdən bəri xeyirxah əməlləri ilə tanınan iş adamı, xeyriyyəçi, şair-publisist Gülağa Tənhadır – dövlətə, dövlətçiliyə sadiq Gülağa Məmi oğlu Qənbərov. Onun gördüyü işlər barədə bu yazıda izahat verməyə ehtiyac yoxdur, çünki kütləvi informasiya vasitələrində kifayət qədər məlumat var...
İyirmi iki il öncə Gülağa Tənhanın Ərkivan qəsəbəsində tikdirdiyi “Şəhidlər bulağı” abidə kompleksi bu xeyirxah insanın eyni zamanda necə bacarıqlı memar olduğunun bariz nümunəsidir. Çünki 2003-cü ildə qəsəbənin Miyondi küçəsində, Ərkivan-Boradigah yolunun kənarındakı ərazisində salınmış, Masallının ilk ”Şəhidlər bulağı” olan bu möhtəşəm tikili göz oxşayan arxitekturaya malikdir.
Bu günlərdə Gülağa Tənhanın maliyyə dəstəyi ilə abidə kompleksində əsaslı təmir işlərinə başlanılıb. Abidə müasir tələblərə uyğun olaraq yenilənir.
Bu müqəddəs məkanda işçi qüvvəsinin necə sürətli və gərgin işlədiyinin şahidi oluram. Artıq qısa müddət ərzində burada xeyli işlər görülüb. Giriş qapısı təzədən qurulur, abidə kənarında sıradan çıxmış divarlar yenidə hörülüb, yarımhasarlarda üzlük işləri aparılır. Ərazidə tamet, metlax örtükləri, bardürlər, səkilər qurulur, yaşıllıq örtüyünün salınması üçün torpaq qatı hamarlanır və s.
Öyrənirəm ki, təmir-bərpa işləri çərçivəsində giriş qapısının kənarlarına Ərkivan şəhidlərinin xatirə lövhələri vurulacaq, yeni məhəccərlər, müasir işıqlandırılma sistemi qurulucaq, köhnə yaşıllıqdan təmizlənmiş torpaq sahəsində dekorativ ağaclar və güllər əkiləcək, yeni subartezian quyusu qazılacaq, abidənin ətrafında səliqə-sahman yaradılacaq...
Abadlıq-tikinti işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Şəhidlərimizin ruhuna dərin hörmət və ehtiramın göstəricisi olan bu abidə-kompleksi müqəddəs bir yer kimi yenidən insanların ziyarətgahına çevriləcək.
Akif AĞAYEV,
foto: Elsevər Əliyev, Faiq Mirzə.