Neftin dünya bazar qiyməti 22.0 faiz yüksəlib, ekspetdən açıqlama
Son 3 ayda neftin dünya bazar qiyməti 22.0 faiz yüksəlib. Artıq Brent markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur.
QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayamovun sözlərinə görə, neftin dünya bazar qiymətindəki artımlar hasilatın azaldılması ilə yanaşı həmçinin tələbin yüksəlməsi ilə bağlıdır: “OPEK + alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür”.
Neftin qiymətinin artması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcəyi məsələsinə də toxunan ekspert qeyd edib ki, neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır: “Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir”.
Əmək haqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindən biri olduğunu vurğulayan Vüqar Bayramov gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacağını da qeyd edib: “Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır”.
Pərvanə Fərhadqızı