Ailə dəyərlərinin zəifləməsi, boşanmaların artması və erkən nikahlar son illər cəmiyyətdə geniş müzakirə olunan sosial problemlər sırasındadır. Mütəxəssislər hesab edirlər ki, iqtisadi və sosial amillərlə yanaşı, gənclərin düşüncə tərzində baş verən dəyişikliklər, sosial şəbəkələrin təsiri və ailə institutuna münasibətin fərqlənməsi də bu prosesə ciddi təsir göstərir. Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva mövzu ilə bağlı fikirlərini QHT.az- a bölüşərək, problemin həlli istiqamətində görülməli olan tədbirlərdən danışıb.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayevanın sözlərinə görə, son illər gənclər arasında ailə qurmaqdan çəkinmə, ailə məsuliyyətindən yayınma və boşanma hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdəndir. O hesab edir ki, bu tendensiyaya yalnız sosial və iqtisadi çətinliklər deyil, həm də müasir dövrdə formalaşan düşüncə tərzi təsir göstərir.

Onun fikrincə, sosial şəbəkələrdə qadın və kişi obrazları ilə bağlı qeyri-etik məzmunun yayılması, gənclər arasında qarşılıqlı etimadın azalması, sevgi hissinin yerini müvəqqəti bağlılıqların tutması, narsistik düşüncə tərzinin yayılması və gələcəyi deyil, yalnız bu günü düşünən yanaşmanın güclənməsi ailə institutuna mənfi təsir göstərir. Həmçinin boşanmış ailələrdə böyüyən bəzi gənclərdə qarşı cinsə qarşı formalaşan mənfi stereotiplərin də gələcək ailə münasibətlərinə təsirsiz qalmadığını vurğulayır.

Zenfira Mustafayeva erkən nikahların əksər hallarda valideynlərin təkidi ilə baş verdiyini bildirir. Onun sözlərinə görə, bəzi gənclər isə sosial şəbəkələrdə gördükləri saxta xoşbəxtlik görüntülərinin təsiri altında düşünülməmiş qərarlar verir və təklifin kimdən gəldiyini, gələcək ailə həyatının məsuliyyətini nəzərə almadan evlənirlər.

“Valideynlər ilk növbədə öz davranışları, əxlaqı və ailədaxili münasibətləri ilə övladlarına nümunə olmalıdırlar. Onlarla dost münasibəti qurmalı, düzgün istiqamət göstərməlidirlər. Düşünülməmiş nikahlar əksər hallarda sevgisiz, təhsilsiz və həyat təcrübəsi olmadan qurulan ailələr deməkdir. Belə hallarda ya rəsmi nikah bağlanmır, ya da tərəflərdən biri rəsmi nikahdan yayınır. Qısa müddət sonra uşaqlar dünyaya gəlir və nəticədə həm qadın, həm də uşaqlar çətin vəziyyətdə qalırlar”, – deyə o qeyd edib.

İctimai birlik rəhbəri hesab edir ki, bu kimi halların qarşısını almaq üçün yaşlı nəslin təcrübəsindən istifadə olunmalı, sağlam ailə dəyərlərinə malik ailələrlə gənclərin görüş və debatları təşkil edilməlidir. Bundan başqa, gənc ailələrin problemləri ilə yerli icra strukturlarının yaxından maraqlanması, təhsil müəssisələrində valideynlərlə maarifləndirici görüşlərin keçirilməsi, sosial həssas ailələrin diqqətdə saxlanılması və erkən nikah riski olan halların aidiyyəti qurumlara vaxtında çatdırılması vacibdir.

Zenfira Mustafayeva vurğulayıb ki, əsas məqsəd gənclərin xoşbəxt ailə həyatı qurmasına, ailələrin bütövlüyünün qorunmasına və uşaqların sağlam mühitdə böyüməsinə nail olmaqdır.

“Sağlam ailə dövlətin əsas sütunlarından biridir. Ailə institutunun möhkəmləndirilməsi cəmiyyətin gələcəyinə qoyulan ən mühüm investisiyadır”, – deyə o fikrini yekunlaşdırıb.