Müasir dövrdə gənclərin nikaha münasibətində baş verən dəyişikliklər, ailə qurmaq yaşının artması və boşanma hallarının çoxalması cəmiyyətin diqqət mərkəzində olan mövzulardandır. “Vəfa Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyinin sədri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bu tendensiyaların səbəblərindən, gənclərin ailə institutuna baxışından və sağlam ailələrin formalaşması üçün görülməli işlərdən danışıb.


Fatimə Hacıbəyli bildirib ki, müasir dövrdə gənclərin nikaha münasibətində ciddi dəyişikliklər müşahidə olunur. Onun sözlərinə görə, əvvəllər ailə qurmaq həyatın əsas mərhələlərindən biri hesab edilsə də, bu gün bir çox gənc ilk növbədə təhsilini başa vurmağa, peşəkar karyera qurmağa və maddi sabitlik əldə etməyə üstünlük verir.

QHT sədri qeyd edib ki, sosial şəbəkələrin təsiri, münasibətlərə fərqli baxışlar və ailə dəyərlərində baş verən dəyişikliklər də gənclərin nikaha yanaşmasına təsir göstərən əsas amillər sırasındadır.

Fatimə Hacıbəyli vurğulayıb ki, erkən və kifayət qədər düşünülmədən bağlanan nikahlar hələ də cəmiyyət üçün ciddi problemlərdən biri olaraq qalır. Onun fikrincə, bir-birini kifayət qədər tanımayan, psixoloji və sosial baxımdan ailə həyatına hazır olmayan gənclər sonradan ünsiyyət problemləri, qarşılıqlı anlaşılmazlıq və məsuliyyət bölgüsündə çətinliklərlə üzləşirlər. Bu da boşanma riskini artıran əsas səbəblərdən biridir.

Bununla yanaşı, o bildirib ki, boşanmaları yalnız erkən nikahla əlaqələndirmək düzgün yanaşma deyil. Ailədaxili zorakılıq, iqtisadi çətinliklər, qarşılıqlı hörmətin olmaması, xəyanət, ünsiyyət çatışmazlığı və psixoloji hazırlığın zəifliyi də ailələrin dağılmasına təsir edən mühüm amillərdəndir.

QHT sədri hesab edir ki, sağlam ailələrin formalaşması üçün gənclər arasında ailə dəyərləri, nikah məsuliyyəti və psixoloji hazırlıq mövzusunda maarifləndirmə işləri daha da gücləndirilməlidir.

“Gənclər ailə qurmağa tələsməməli, bu qərarı sevgi ilə yanaşı, qarşılıqlı hörmət, məsuliyyət və gələcək planlar əsasında verməlidirlər. Sağlam cəmiyyətin təməli sağlam ailədən başlayır. Güclü ailələr isə düşünülmüş qərarlar, qarşılıqlı anlayış və məsuliyyət hissi üzərində qurulur”, – deyə Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bildirib.