Tarixdə “əkiz” kimi tanınan və bir-birinə heyrətamiz dərəcədə bənzəyən tikililər vardır. Budur, Kərkük qalasındakı Göy Gümbəz və Naxçıvan Muxtar Respublikasındakı Nuh Peyğəmbərin Türbəsi memarlığı baxımından demək olar ki, eyni layihəyə və proporsiyalara malikdir. Bu iki tarixi abidə fasad detallarına görə sanki bir-birinin güzgüdəki əksidir.

“Türk irsinin şah əsəri: Göy Gümbəz”

Göy Gümbəz 1361-ci ildə Cəlayirlilər dövründə 820 kvadratmetr sahədə və 17 metr hündürlükdə inşa edilmiş, iki mərtəbəli, səkkizguşəli bir tikilidir. Qalanın içərisində yerləşən bu abidə 700 ildir ki, bu günə qədər ayaqda qala bilmiş türk irsinin bir şah əsəridir. Üzərindəki kitabədən də aydın olduğu kimi, gümbəz XIV əsrdə Səlcuq sülaləsinə mənsub Buğday Xatun üçün tikdirilmişdir.

Göy Gümbəzin səkkizguşəli orijinal damı sökülərək onun yerinə Səlcuq türklərinin heç bir dövründə rast gəlinməyən formasız bir tikili yaradılmışdır. Bundan əlavə, işlər zamanı Göy Gümbəzin gövdəsini təşkil edən kərpiclər və divarlarını bəzəyən türk çini naxışları qırılmış və tökülmüşdür. Edilən dağıntılar bütün aydınlığı ilə ortadadır. 700 illik Göy Gümbəz əvvəlki vəziyyətində dayanarkən nə baş verdi ki, birdən-birə bu türk tarixi memarlıq abidəsinin quruluşu dəyişdirildi və dağıntıya məruz qoyuldu? Bu dağıntının məqsədi nə idi?

Bərpa nə deməkdir? Təmir, düzəliş, heykəlin və ya tikilinin zədələnmiş hissələrinin yenidən bərpa edilməsi, ilkin vəziyyətinə qaytarılması, yəni restavrasiya olunması deməkdir. Başqa sözlə, bərpa bir tikilinin formasını dəyişdirmədən onun təmir edilməsidir. Lakin gəlin görün ki, Göy Gümbəzə edilən əməliyyat bərpa deyil, dağıntıdır. Yəni hamının gözü qarşısında Kərkükdə 700 illik türk tarixi abidəsinin quruluşu dəyişdirilir, amma təəssüf ki, heç kəsdən bir səs çıxmır.

Türk və xarici mənbələrə görə Göy Gümbəzin damı səkkizguşəli kimi təsvir edilir. Bu yeni və formasız tikili nə Səlcuqluların, nə də Cəlayirlilərin heç bir dövrünə aid memarlıq üslubunda mövcud olmamışdır.

Kərkük qalasının qəlbində ucalan Göy Gümbəz əsrlərdir ki, şəhərin türk kimliyinə şahidlik edir. Türk memarlığının izlərini daşıyan bu tarixi tikili Kərkükün təkcə daşlara həkk olunmuş keçmişini deyil, həm də yaşadılan mədəni yaddaşını bu günə çatdırır. Kərkük şəhərinin simvolu olan Kərkük qalası və Kərkükün hər guşəsində insanı türk tarixi abidələri qarşılayır və Kərkükün hər tərəfi tarix və mədəniyyət qoxuyur.

“Naxçıvanda Nuh Peyğəmbərin Türbəsi”

Naxçıvan Muxtar Respublikasında yerləşən Nuh Peyğəmbərin Türbəsi və ya tanınmış adı ilə Nuhun Gümbəzi səkkizguşəli gövdəyə və piramidaşəkilli (çadıra bənzər) dama malik tarixi bir tikilidir. Onun aşağı mərtəbəsində yerləşən sərdabəyə pilləkənlə enilir. Türbə Naxçıvanın ən qədim qalası olan və “Köhnəqala” adlandırılan ərazidə yerləşir.

Kərkük qalasındakı Göy Gümbəz və Naxçıvandakı Nuh Peyğəmbərin Türbəsi bütün detalları ilə sanki bir-birinin güzgüdəki əksidir.

İraq Türkmən Jurnalistlər Cəmiyyətinin Xarici Əlaqələr üzrə məsul şəxsi
Dr. Kürşad Çavuşoğlu