"Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər ailə institutunda ciddi dəyişikliklərin baş verdiyini göstərir. Nikahların sayının azalması və boşanmaların yüksək səviyyədə qalması cəmiyyət üçün mühüm sosial və psixoloji məsələdir. Boşanma yalnız ər-arvadın ayrılığı deyil, eyni zamanda uşaqların emosional inkişafına və gələcək münasibətlərinə təsir edən bir hadisədir".

Bu sözləri psixoloq Vəfa Abbasova QHT.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, valideynlər ayrıldıqdan sonra uşaqların təhlükəsizlik hissi sarsıla, özünəinamı zəifləyə, narahatlıq, depressiv əlamətlər və davranış problemləri yarana bilər. Lakin valideynlər ayrılıq prosesini qarşılıqlı hörmət və sağlam ünsiyyət şəraitində idarə etdikdə, uşaqların bu prosesi qəbul etməsi daha asan olur. Ən vacib məsələ odur ki, uşaqlar valideynlər arasındakı münaqişələrin mərkəzinə çevrilməsin və hər iki valideynlə sağlam münasibətlərini davam etdirə bilsinlər.

Vəfa Abbasova qeyd edib ki, boşanmaların uşaqlara mənfi təsirini azaltmaq üçün ailələrə psixoloji məsləhət xidmətlərinin əlçatanlığı artırılmalı, məktəblərdə psixoloji dəstək gücləndirilməli, valideynlər üçün maarifləndirici proqramlar təşkil edilməlidir. Ayrılıq prosesində uşağın emosional vəziyyəti daim diqqətdə saxlanmalı və ehtiyac yarandıqda peşəkar psixoloji yardım göstərilməlidir.

O, eyni zamanda hesab edir ki, nikahdan əvvəl psixoloji və hüquqi maarifləndirmə proqramlarının tətbiqi olduqca vacibdir. Gənclər ailə qurmazdan əvvəl qarşılıqlı ünsiyyət, münaqişələrin sağlam həlli, valideynlik məsuliyyəti, ailədaxili hüquq və öhdəliklər barədə məlumatlandırılmalıdırlar. Bu cür hazırlıq gələcəkdə yaranacaq bir çox anlaşılmazlıqların və tələsik verilən qərarların qarşısını ala bilər.

Müsahib vurğulayıb ki, sağlam ailənin təməli yalnız sevgi üzərində deyil, həm də qarşılıqlı hörmət, məsuliyyət, emosional yetkinlik və düzgün ünsiyyət bacarıqları üzərində qurulur. Ailə dəyərlərinin qorunması və uşaqların sağlam psixoloji inkişafı naminə maarifləndirmə və psixoloji dəstək tədbirlərinin genişləndirilməsi günümüzün əsas prioritetlərindən biri olmalıdır.

Piranə Xasiyeva