İngiltərədə 20 yaşlarında olan gənc qadınlar arasında 2-ci tip diabetə yoluxma hallarının artması mütəxəssisləri narahat edir. London İmperial Kollecinin alimlərinin araşdırmasına görə, bu artım əsasən Covid-19 pandemiyasından sonra piylənmənin çoxalması ilə əlaqələndirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqat 2011–2024-cü illərə aid NHS məlumatları əsasında aparılıb. Nəticələr göstərib ki, xüsusilə 20–29 yaşlı qadınlar arasında 2-ci tip diabetin yeni halları sürətlə artır. Alimlər bunun əsas səbəbinin gənc yaşlarda piylənmənin artması olduğunu bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, gənc yaşda başlayan 2-ci tip diabet daha ağır keçir və ürək-damar xəstəlikləri, insult kimi ciddi fəsadlar yarada bilər. Buna görə də erkən diaqnoz və sağlam həyat tərzi böyük əhəmiyyət daşıyır.

Məlumata görə, Böyük Britaniyada diabetlə yaşayan 6 milyon insanın 90 faizi 2-ci tip diabetdən əziyyət çəkir. Hazırda 30 yaşdan aşağı təxminən 12 min nəfər bu diaqnozla yaşayır və onların əksəriyyətini qadınlar təşkil edir.

Tədqiqatın rəhbəri doktor Şivani Misra bildirib ki, əvvəllər bu problemin əsasən etnik azlıqlar arasında yayıldığı düşünülsə də, son məlumatlar xəstəliyin ağdərili əhali arasında da artdığını göstərir.