Son illər Azərbaycanda ailə institutunu narahat edən tendensiyalar daha qabarıq şəkildə özünü göstərir. Rəsmi statistika göstərir ki, nikahların sayı azalır, boşanmaların sayı isə yüksək olaraq qalır. Mütəxəssislər hesab edirlər ki, ailələrin dağılmasına təsir edən əsas amillərdən biri də erkən nikahlardır. Erkən yaşda qurulan ailələrdə tərəflərin psixoloji və sosial baxımdan ailə həyatına tam hazır olmaması bir çox hallarda münasibətlərin uzunömürlü olmasına mane olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk beş ayında ölkədə 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb. Bu isə faktiki olaraq bağlanan təxminən hər iki nikahdan birinin boşanma ilə nəticələndiyini göstərir. Bu mənzərə erkən nikahların qarşısının alınması və ailə institutunun möhkəmləndirilməsi istiqamətində daha təsirli addımların vacibliyini bir daha gündəmə gətirir.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı QHT.az -a açıqlama verib. Onun sözlərinə görə, erkən və düşünülməmiş nikahlar boşanmaların mühüm risk amillərindən biri hesab oluna bilər. Lakin boşanmaların səbəbini yalnız erkən nikahla izah etmək doğru olmaz:
"Ailə münasibətlərinin davamlılığı bir çox psixoloji, sosial, iqtisadi və mədəni amillərin qarşılıqlı təsiri ilə formalaşır. Erkən yaşda ailə quran şəxslərdə emosional yetkinlik, özünü tanıma, məsuliyyət hissinin formalaşması və münaqişələrin sağlam şəkildə idarə olunması bacarıqları tam inkişaf etməmiş ola bilər. İnsan şəxsiyyəti xüsusilə gənclik dövründə sürətlə dəyişir. Bu səbəbdən evlilikdən sonrakı illərdə həyat məqsədləri, dəyərlər və gözləntilər arasında ciddi fərqlər yarana bilir. Bu isə münasibətlərdə gərginliyi artıran amillərdən biridir. Digər tərəfdən, tələsik və kifayət qədər düşünülmədən verilən evlilik qərarları da gələcəkdə risk yaradır. Bəzən insanlar qarşı tərəfi kifayət qədər tanımadan, emosional impulslarla, ailə və ya sosial təzyiqlərin təsiri altında nikaha daxil olurlar. Halbuki sağlam ailənin formalaşması üçün tərəflərin xarakter uyğunluğu, dəyərlərinin üst-üstə düşməsi, ünsiyyət bacarıqları, problemləri birlikdə həll etmək qabiliyyəti və gələcəklə bağlı ortaq baxışları böyük əhəmiyyət daşıyır.
Müasir dövrdə boşanmaların artmasına təsir göstərən digər mühüm amillər sırasında iqtisadi çətinliklər, maliyyə gərginliyi, ailədaxili ünsiyyət problemləri, xəyanət, məişət zorakılığı, psixoloji zorakılıq, asılılıq davranışları, sosial media və rəqəmsal mühitin münasibətlərə təsiri, eləcə də ailə institutuna dair gözləntilərin dəyişməsi də yer alır. Buna görə də hər bir boşanmanın arxasında fərqli səbəblər dayanır və məsələyə kompleks yanaşmaq lazımdır".
Psixoloq qeyd edib ki, boşanmaların qarşısının alınması yalnız nikah yaşının artırılması ilə mümkün deyil:
" Daha vacib məsələ gənclərin ailə həyatına psixoloji və sosial cəhətdən hazırlanmasıdır. Nikahdan əvvəl psixoloji maarifləndirmə proqramları, münasibət və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, konfliktlərin idarə olunması, emosional intellekt və ailə məsuliyyəti ilə bağlı təlimlər sağlam ailələrin formalaşmasına əhəmiyyətli töhfə verə bilər".
Fatimə Məmmədova






