Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli ölkənin müxtəlif bölgələrində məktəblərin üzləşdiyi problemlərlə bağlı açıqlama verib.

O bildirib ki, yeni təhsil modelinin tətbiqi planlaşdırılsa da, mövcud infrastrukturun vəziyyəti əvvəlcə diqqət mərkəzinə alınmalıdır. Ekspertin sözlərinə görə, bəzi rayon və kənd məktəblərində müəllimlər soyuq sinif otaqlarında paltoda, papaqda, əlcəkdə dərs keçməyə məcbur qalır:

“Bu gün bölgələrdə elə məktəblər var ki, müəllimlər paltoda, papaqda, əlcəkdə dərs deyirlər… İstilik sistemi yoxdur, bufet problemlidir, infrastruktur yetərli deyil.”

Əmrah Həsənli TİHA olaraq yeni modelin tətbiqini dəstəklədiklərini, lakin problemlərin açıq şəkildə səsləndirilməsinin vacib olduğunu vurğulayıb:

“Biz modeli dəstəkləyirik — amma problemləri deməkdən çəkinməməliyik. Çünki inkişaf tənqidlə başlayır. Dövlətimizin bu iradəni ortaya qoyacağına inanıram. Güclü mühit – güclü müəllim – güclü təhsil!”

 

Pərvanə Fərhadqızı