Azərbaycanda illər əvvəl erkən nikah problemi o qədər aktual idi ki, əksər qadın və uşaq hüquq müdafiə təşkilatları problemin əvvəlcə etirafı, daha sonra həllinə dair təkliflər verirdilər.

Etiraf problemin həllinə aparan yoldur, Azərbaycanda insan alveri ilə mübarizə sahəsində də, məhz bu mexanizm üzrə hərəkət edilib. Əvvəlcə problem etiraf olunub, daha sonra onun həllinə başlanılıb. Erkən nikahlarla mübarizədə də bunun effekt verəcəyi gözlənilirdi, çünki vəziyyət artıq o yerə çatmışdı ki, ümid din xadimlərinə qalmışdı.

Birinci həmlə...

Qafqaz Müsəlmanları İdarəsi böyük sosial-ictimai problemə çevrilən erkən nikahlarla mübarizədə əksər baxışların ona tuşlandığını görərək din xadimlərinə rəsmi nikah şəhadətnaməsi olmadan dini nikah bağlamağı qadağan etdi. Bunu edəcək din xadimlərinə, hətta cəza vəd olundu. Nəticədə müəyyən effekt əldə olundu, erkən nikah halları azalmağa başladı, ən azından din xadimlərinin azyaşlı qızlara kəbin kəsməkdən imtina etdiyini görən valideynlərin bir qısmı övladını nikahsız olsa da, kəbinsiz “ər evinə” yola salmağı özünə rəva bilmədi.

İkinci həmlə...

İkinci “həmlə” xəstəxanalardan, ardınca hüquq-mühafizə orqanlarından gəldi. Məlumdur ki, erkən nikahlar əksərən azyaşlının dünyaya uşaq gətirdiyi zaman ortaya çıxır. O zamana qədər isə bu faktı görməli olan bəziləri-məktəb direktorundan tutmuş kənd icra nümayəndəsinə qədər görməzdən gəlir, ancaq dünyaya yeni körpə gətirmək üçün xəstəxanaya edilən müraciət faktı ortaya qoyur.

Uşaqlara “toy tutan” rəqəmlər

Əgər 1999-cu ildə 37382 min qadından 2649 nəfəri, yəni 7,1 faizi 18 yaşdan aşağı idisə, 200-ci ildə bu rəqəm 6,2, 2001-ci ildə 5,6, 2002-ci ildə 5,1, 2003-cü ildə 4,6, 2004-cü ildə 5,2, 2005-ci ildə 5,6, 2006-c ildə 5,8, 2007-ci ildə 6,1, 2008 və 2009-cu illərdə 6,9, 2010 və 2011-ci illərdə 6,17 faiz təşkil edib. Rəqəmlərdəki azalma həm də ona görə önəmlidir ki, bütün bu illər ərzində nikahların sayında bəzən 3 dəfəyə yaxın artım baş verib. Başqa sözlə desək, nikahlar artsa da, 18 yaşadək olan qızların ərə verilməsi azalıb.

Eyni mexanizm indi də Azərbaycanda işləkdir. Hərçənd ki, erkən nikahın əvvəlki illərlə müqayisədə azaldığını söyləmək mümkündür. Bunda yuxarıda sadalanan iki amillə yanaşı, ictimai təpkini, ictimai nəzarəti də önəmsəmək lazımdır. Sosial şəbəkələr bu baxımdan biraz da mübarizə meydanına çevrilib. Azyaşlı qızların evləndirildiyinə dair kadrlara, “toy-nişan” məclislərindən çəkilən görüntülərə sosial şəbəkələrdə az rast gəlməmişik. Bəlkə kimlərinsə sırf marağını çəkdiyinə görə ictimailəşdirdiyi bir kadr böyük bir qanunsuzluğun üstünü açmış olur. Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə yayılan məlumatlara anında reakisya verir və ictimai qınaq həm də çəkindirici faktor olur.

Amma erkən nikahların tam olaraq azaldığını, azyaşlıların yaşamaq, təhsil almaq, həyatını qurmaq hüquqlarının əlindən alınmadığnı tam olaraq söyləmək olmaz. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. (Uşaq Hüquqları Konvensiyası, maddə 1.) Beynəlxalq standartlara görə, uşaqların erkən nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 - cı maddəsinə görə, yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz.

Kim hansı yaşda evlənir?

Dünyanın 158 ölkəsində nikaha daxil olma yaşı 18-dir. Avropanın 40 ölkəsində isə qadın və kişilər üçün bərabər yaş senzi tətbiq edilərək 18 və daha çox yaş müəyyən edilib. Fransa, Finlandiya və Braziliyada nikah yaşı 21 yaşdır. Bəzi ölkələrdə müəyyən istisnalar da nəzərdə tutulub. Məsələn, Xorvatiya, Serbiya və İspaniyada məhkəmənin, Gürcüstan, Sloveniya, Böyük Britaniyada isə valideynlərin icazəsi ilə 16 yaşda nikaha daxil olmaq mümkün idi. Demək olar ki, əksər müsəlman ölkələrində də nikah yaş senzi 18 müəyyən edilib. 2011-ci ildə Azərbaycanda qadın və kişilər üçün nikah yaşı bərabərləşdirilərək hər ikisi üçün 18 müəyyənləşdirilib. Üzrlü səbəblər olduğu halda nikah yaşı 1 il azaldıla bilər. Qanundaki bu “üzrlü səbəblər”dən istifadəyə də az rast gəlinmir.

Uşağı dünyaya gətirmək onun hüquqünu pozmaq üçün əsasdır?

Azərbaycanda təəssüf ki, bəzi valideynlər hələ də övladı dünyaya gətirmək və müəyyən yaşa qədər böyütməyin onun hüquqlarıın pozmaq üçün əsas hesab edirlər. Nəticədə azyaşlılar erkən nikaha vadar edilir, bəzən isə, hətta bu, onların ölümünə qədər apara bilir. Bu ilin fevralında 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınan hadisəni xatırlatmaq kifayətdir. 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq bu xəstəxanada ölüb.

Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib. M.Hadıyev saxlanılıb. Mətbuatın yazdığına görə, bu qeyri-rəsmi münasibətdən valideynlərin də xəbəri olub, yəni ölümlə nəticələnən erkən nikah faktı...

Baxmayaraq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “ Qadını nikaha daxil olmağa məcbur etmə” (maddə 176.1.) maddələrinə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ancaq azyaşlı qızını "ər evinə" göndərən neçə valideyn indiyə qədər cəzalandırılıb? Bu suala cavab almaq çətindir, bəlkə də mümkünsüzdür.

“Heç olmasa uşaqlarımın yeməyi var”

Haşiyə: Sevdanın (ad şərtidir-müəll.) indi 38 yaşı var, 2 övlad anasıdır. 16 yaşında öz istəyi ilə ərə verilib, toyundan iki həftə sonra əri onu ata-anasının yanında qoyaraq Rusiyaya qayıdıb:

“Məni aparmadı, dedi ki, yaşım azdır, orda bilsələr, bunu problem edərlər. Dedi ki, yaşım 18 olduqdan sonra nikah kəsdirəcək və məni də aparacaq. Amma dini nikah kəsilmişdi. İlk övladım dünyaya gəldikdən sonra öyrəndim ki, əslində, Rusiyada rəsmən evlidir, məni də “qara gün” üçün alıb. Özüm də bu evliliyə razı olmuşdum, hamı deyirdi ki, Rusiyada yaxşı imkanı var. Bu söhbətlər ağlımı əlimdən aldı”. Ancaq başqası ilə rəsmi nikahda olan kişidən 2 uşaq dünyaya gətirən həmsöhbətimiz indi də rəsmən subaydır. Ataları uşaqlara atalıq verib, ancaq özü rəsmən evli olduğuna görə 22 ildir, Sevda ilə münasibəti rəsmiləşdirmək haqqında düşünmür: “2-3 ildən bir gəlirdi, amma gəlməyəndə də pul göndərirdi. Onu da atası poçtdan alırdı, pul mənim adıma gəlmirdi. Yəqin ki, qocalanda özü də gələcək. Gedəcək yerim yoxdur, uşaqlara da pis baxmır, nə edim? Ata evimdə zorla dolanırdıq, heç olmasa burda uşaqlarımın paltarı, yeməyi var. Kaş ki, vaxtında oxuyaydım, əlimdə bir sənətim olaydı”.

Sevdanın övladı kimi erkən nikahdan doğulan uşaqların sayı heç də az deyil. 2009-cu ildə 15-17 yaşlı analar tərəfindən 3538, 2010-cu ildə 4103, 2011-ci ildə 4392 uşaq dünayaya gətirilib. Araşdırmalar göstərir ki, son illər rəqəmlər azalıb, ancaq yenə söhbət minlərdən gedir.

2020-ci ildə 165 nəfər 15 yaşınadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb. Bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. 2019-cu ildə isə bu rəqəm 2320 olub.
Ancaq təbii ki, bu rəsmi rəqəmlərdir. Bundan daha artığı ortaya çıxmayan, üstü örtülən evliliklərdir ki, onlar barədə susmağa üstünlük verilir.
Kasıblıq da səbəbdir

Deputat Ceyhun Məmmədovun fikrincə, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir:

“Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox ölkələr, xüsusilə müsəlman dövlətlərində bu problem qabarıq şəkildə nəzərə çarpmaqdadır. Təbii ki, burada din faktorunun da mühüm rol oynadığını nəzərdən qaçırmaq olmaz. Bölgələrdə ölkə əhalisinin müəyyən qismi ailə qurarkən müxtəlif səbəblər ucbatından dini kəbinə üz tutur və bu da bir sıra hallarda erkən nikahlara yol açır. Burada daha bir məsuliyyət isə valideynlərin üzərinə düşür. Elə valideynlər var ki, qız övladlarını məktəbdən, təhsildən uzaqlaşdıraraq erkən nikaha cəlb edirlər. Belə qızlar həm təhsildən uzaqlaşdırılmaqla, həm də ərə verilməklə öz hüquqlarından da məhrum edilirlər. Valideynlərin bu addımı atmasına səbəb, bəzən maddi durumun aşağı olması, bir sıra hallarda isə qız uşaqlarına “ağır yük” kimi baxması olur”.

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə səbəblər sırasında mühit, ətraf təsir, valideynlər, təhsilsiz olmaq,maddi sıxıntını göstərir:

“Qız uşaqlarına “evdə qalmaq” təhlükəsi aşılanır, yəni birbaşa psixologiyaya təsir edilir. Gündəlik həyatlarını dolğun yaşayanların çoxu erkən nikah bağlamır. Ancaq qarşısında heş bir məqsədi olmayan, gələcək üçün təhsil, iş planı qurmayanlar, yaxud ailədə üzləşdiyi basqılardan çıxış yolu kimi erkən yaşda ərə getməyi seçənlər var. Nəticədə belə bir mənzərə ortaya çıxır. Təbii ki, ailələrin iqtisadi durumu da önəmli rol oynayır. Müşahidələrimiz göstərir ki, ailənin maddi durumu aşağı olduqca, erkən nikaha meyil də artır. Yəni problemi həll etməyin bir yolu da ailələrin sosial-iqtisadi durumunun dəstəklənməsidir”.

“Uşaq pulu” verilərsə...

Göründüyü kimi, problem də var, onu yaradan səbəblər də, ortadan qaldırmaq üçün imkanlar da. Bu imkanlardan biri kimi, mütəxəssislər 18 yaşa qədər "uşaq pulu"nun verilməsini göstərirlər. Bu vasitə ilə xüsusilə ehtiyaclı ailələrdə uşaqların təminatı baxımından bəzi problemlər aradan qalxa bilər. Başqa sözlə, valideynlərin “baxa bilmirəm” bəhanəsi də kəsilər...
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Elnarə Kərimova
Cebhe.info