Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət “Şuşa ili - Şuşa zəfəri” adlı sərgi təşkil olunub.
QHT.az xəbər verir ki, Agentliyin sədri Vüqar Behbudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edildiyini diqqətə çatdıraraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə birgə təşkil edilən bu sərginin də “Şuşa İli”nə həsr olunduğunu vurğulayıb.
O, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və yaradıcılıq potensialının dəstəklənməsi üçün Agentlik tərəfindən müxtəlif mövzulu tədbir və onların əl işlərindən ibarət satış-sərgiləri təşkil edildiyini bildirib.
Qeyd edilib ki, Peşə-əmək Reabilitasiyası mərkəzində 15-29 yaş qrupundan olan əlilliyi olan şəxslərə peşə hazırlığı və peşə reabilitasiyası keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur və ötən dövrdə Mərkəzə 2200 nəfər əlilliyi olan şəxs qəbul edilib.
Hazırkı sərgidə də Mərkəzdə müxtəlif peşələrə yiyələnən 14 nəfərin “Zəfər”, “Şuşa”, “Azərbaycan tarixi” və “Novruz” və digər mövzu-bölmələr üzrə 500-ə yaxın sənət nümunəsi nümayiş olunur.
Bu il Xaçmaz rayonunda Peşə-əmək Reabilitasiyası Mərkəzinin fillialının, eləcə də Agentliyin 10 müəssisəsində sosial reabilitasiya kabinetlərinin yaradılması nəzərdə tutulub. Bu kabinetlərdə 20-ə yaxın terapiya (musiqi, rəqs, əmək, film, landşaft, səhnə-nağıl, məişət və s. terapiyalar) növü vasitəsilə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə iş aparılacaq.
ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova sərginin əhəmiyyətini yüksək qiymətləndirib. Belə sərgilərin əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının genişləndirilməsi, istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu vurğulayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunan sərgidə nümayiş olunan əsərlər izləyicilər tərəfindən maraqla qarşılanıb.












