Bu günlərdə Oğuz rayonundan zorakılığa məruz qalan daha bir qadın yardım üçün mediaya üz tutub. Sosial şəbəkədə özünü müdafiə etməyin yolunu axtarmağa başlayıb. Məsələdən xəbər tutan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları qadınla əlaqə saxlayaraq problemlərini dinləyib, hüquqlarının müdafiəsi üçün zəruri prosedurlara başlayıb.
Öncə onu qeyd edək ki, bu hallarda işlər “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun çərçivəsində həyata keçirilir. Qanunun 6-cı maddəsinə əsasən, məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün aşağıdakılar səbəb ola bilər:
- zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti;
- fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya tibb müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər.
Lakin bəzi hallarda daxil olan məlumatların, şikayətlərin araşdırılmasının, qərar qəbul edilməsinin ləng getdiyinin şahidi oluruq. Bu barədə fikirlərini bölüşən “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin rəhbəri Nailə İsmayılova hesab edir ki, gecikmələr qanundakı boşluqlarla bağlıdır. O, məişət zorakılığının qarşısının alınması ilə bağlı çevik mexanizmin qurulmadığını deyib: “Qanun 2010-cu ildə qəbul edilib. Sonradan bəzi dəyişikliklər də edilib. Amma onun icra mexanizmi istənilən səviyyədə deyil. Qanuna uyğun olaraq bəzi tədbirlər həyata keçirilir. Məişət zorakılığının qarşısını almaqdan ötrü priventiv tədbirlərin görülməsi mümkündür. Bu sahədə fəaliyyət göstərən ictimai birliklərin sayını artırmağa da ehtiyac vardır. Çünki hazırda fəaliyyət göstərən sığınacaqların sayı azdır”.
Qeyd edək ki, məişət zorakılğı qurbanları üçün nəzərdə tutulan sığınacağı təşkil etmək üçün bu sahə ilə məşğul olan təşkilatlar akkreditasiyadan keçməlidir. Azərbaycanda indiyədək cəmi 10 təşkilat bu hüququ qazanıb. Onların bəziləri də heç bu sahədə işləmir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komtəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyində məişət zorakılığı qurbanlarına göstərilən xidmətlər mövcuddur, bəzi mərkəzlər yaradılıb. Onlara həmin mərkəzlərdə və sığınacaqlarda müəyyən xidmətlər göstərildiyini deyən N.İsmayılova bu müəssisələrin sayının kifayət qədər olmadığını vurğulayıb. Qanundakı boşluğu doldurmaq, sığıanacaqların sayını artırmaq üçün mütləq ictimai dinləmələrin keçirilməsini vacib sayıb.
“Qanuna yenidən baxılmalıdır, təkmilləşdirilməlidir. QHT-lər dinləmələrdə iştirak eləsin və öz təkliflərini versinlər. Bu bizim istəyimizdir. İqtisadi cəhətdən müstəqil olmayan, işləyib özünü təmin edə bilməyən qadın ərindən, ya da ailədəki digər kişilərdən asılı olmağa məcburdur. Bu da qadınları kişilərin digər aşağılayıcı tələblərini yerinə yetirməyə məcbur edir. Belə hallarda qadınlar çox vaxt boşanmağa cürət etmirlər. Çünki öz ayağı üstündə qalması çox çətindir. Bu baxımdan mütləq bu məsələlərlə bağlı daha geniş çərçivədə - media, QHT-lər, parlament nümayəndələri ilə birgə ictimai dinləmələr keçirilmədilir”.
Adıçəkilən qanunun tələbələrindən biri də müvəqqəti mühafizə orderlərinin verilməsidir. Həmin sənədin əldə olunmasında müəyyən çətinliklər yaşadıqlarını deyən N.İsmayılova burada operativliyin təmin olunmasına ehtiyac yarandığını vurğulayıb:
“4 uşağı olan ailədə fiziki və psixoloji zorakılıqlar yaşanırdı. Uşaqlar da psixoloji zorakılığa məruz qalıb, travmalar alıblar. Biz bu ailədə yaşanan zorakılıqların qarşısını almaq məqsədilə qadına qısa müddətli mühafizə orderinin verilməsi ilə bağlı müraciət etdik. Qeyd edim ki, bu zaman sənədin alınması müəyyən müddət alır. Bu ərəfədə biz bilmirik ailədə hansı hadisə ola bilər. Həmin qadına qarşı hədələr, qorxu, təhdid, hətta ölüm hadisəsi belə baş verə bilər. Ona görə belə məsələlərdə həmin müddət, zaman mütləq nəzərə alınmalıdır”.
N.İsmayılova məişət zorakılığını doğuran səbəblərə də toxunub. Onların öyrənilməsi və qarşısının alınması üçün əhali arasında ciddi məlumatlandırma kampaniyalarının aparılmasının zəruri olduğunu deyib:
“Uşaqların münaqişəli ailədə aldığı travma, ardınca erkən nikah sonda məişət zorakılığına gətirib çıxarır. Bu zorakılığın qurbanları sonra insan alveri qurbanlarına çevrilirlər. Sanki zəncirvari davam edən hallardır. Ona görə geniş müzakirələrə ehtiyac vardır. Bu gün ölkəmizdə erkən nikaha məcbur etmə halları müşahidə olunur. Bununla bağlı ailələrdə böyük şiddətlər baş verir. Qızı zorla istəmədiyi adama ərə verirlər. Sonradan isə daha ağır zorakılıqlar yaşanır. Bütün bunlar onu göstərir ki, məişət zorakılığı, ilk növbədə, qadının və ya kişinin doğulduğu ailədən başlayır. Məişət zorakılığı baş verən ailələrdə böyüyən, yaxud natamam ailələrdən olan uşaqlar travmalı olurlar və gələcəkdə onlar öz ailələrindəki şiddətin davamçılarına çevrilirlər. Bunları önləmək üçün əhali arasında ciddi maariflənmə, psixoloji konsultasiyalar aparılmalıdır”.
Yeri gəlmişkən, məişət zorakılığı ilə mübarizəyə psixoloqlar da qoşulub. Onlar həm sığınacağa pənah gətirən qadınlara, uşaqlara dəstək olurlar, həm də fərdi qaydada müraciətləri dinləyərək problemin çözülməsinə dəstək verirlər. Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, adətən belə hallarda müraciət edən şəxsləri qrup terapiyası və ya fərdi terapiyalara cəlb edirlər. Müəyyən müddətdən sonra zorakılıq qurbanlarında ciddi dəyişikliklər müşahidə edilir: “Biz əvvəlcə fərdi olaraq onları qəbul edirik, onun həyat tərzinə baxırıq. İnsanın geyim stili olduğu kimi, hər bir kəsin öz həyat tərzi mövcuddur. O tərz insanı həmişə izləyir. Bir çox hallarda isə eyni xarakterli insanlar qarşılaşırlar. Çünki həyat tərzi eyni olanda həmin enerjini qarşı tərəfə ötürür. Ona görə daim bu şəxsi incidən, şiddət göstərən adamlar qarşısına çıxır. Əgər sən o enerjini verirsənsə, deməli, səni incitməyə icazə verirsən. Ona görə insanın yaşamını, travmalarını öyrənirik. Həmin travmaya görə də qarşıdakı insana icazə verir ki, ona psixoloji və ya fiziki şiddət göstərilsin. Bu travmalar aradan qaldırıldıqdan sonra şəxsiyyətin formalaşması üstündə işləyirik. Bu zaman müəyyən xarakterlər korreksiya olunmağa başlayır. Korreksiya olunduqca bütün keşmişi ilə üzləşməyə başlayır. Bu zaman səhv və düzləri özü anlayır və onlara daha soyuqqanlı baxaraq səhvləri düzəltməyə başlayır və yeni formalaşan şəxslə həyata davam edir”.
Bu təcrübələrdən çıxış edən psixoloq istər fiziki, istərsə də psixoloji şiddət görən insanlara tövsiyə vermək üçün onun yaşadığı mühitə baxmağın vacibliyini vurğulayıb. Ailədə zorakılıqla üzləşən şəxslərin vaxtında psixoloqa müraciət etməsinin şiddətin, polis müdaxiləsinin qarşısını aldığını bildirib. Bütün hallarda məişət zorakılığından mütləq çıxış yolunun olduğunu deyən F.Mehmanqızı bunun üçün psixoloqa və ya dövlət qurumlarına müraciət etməyin vacib olduğunu deyib.
Fərqanə Allahverdiqızı
Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi (kreativ çarx) ” layihəsi çərçivəsində hazırlanıb.












